Son aylarda dünyada minlərlə qadın estetik əməliyyatlarla yerləşdirdikləri sinə implantlarını və digər kosmetik əlavələri çıxarmağa başlayıb.
Qutb.az BBC-yə istinadən xəbər verir ki, bu trend ukraynalı bloger və diyetoloq Katerina Kurupkinanın paylaşımı ilə daha çox diqqət çəkib.
32 yaşlı Katerinanın sosial şəbəkədə silikonlarını çıxardığını açıqladıqdığı videosu 7,5 milyon baxış toplayıb və minlərlə qadından dəstək mesajları alıb.
O, bu qərarı qızının “anam kimi böyük döşlər istəyirəm” deməsindən sonra verib. Katerina bununla yanlış örnək olduğunu anlayıb və təbii görünüşə qayıtmaq qərarına gəlib. Katerinanın sözlərinə görə, dünya üzrə minlərlə qadın da oxşar səbəblərlə bu dəyişikliyə gedib.
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Dərnəyinin məlumatına görə, döş implantlarının çıxarılması 2019-cu ildən bəri 46% artıb. 2022-2023 illəri arasında isə estetik sinə böyütmə əməliyyatlarının sayı 13% azalıb. Mütəxəssislər bu dəyişikliyi kosmetik gözləntilərlə izah edirlər – daha təbii və sadə görünüş dəbə çevrilib.
Amerikalı plastik cərrah Kristy Hamilton deyir ki, qadınlar artıq böyük sinə və şişirdilmiş dodaqla özlərini ifadə etmək istəmirlər. Braziliyalı həkim Bruno Herkenhoff isə əlavə edir ki, implantların müəyyən müddətdən sonra yenilənməsi zərurəti, həmçinin bədəndə yaratdığı fəsadlar – oynaq ağrısı, saç tökülməsi, kilo artımı kimi halların da bu qərarlarda rolu var.
Eyni zamanda, üz və dodaq dolğularından da imtina edənlər müşahidə olunur. İndi qadınlar daha çox kolagen stimulyasiyası kimi təbii prosedurlara üstünlük verirlər. Estetik sektorda “təbiiliyi təqlid edən” məhsullar daha populyardır. 2023-cü ildə qlobal gözəllik bazarının dəyəri 446 milyard dollara çatıb.