HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra yeni liderin kim olacağı ilə bağlı suallar artıb.
QÜTB.AZ xəbər verir ki, Livanda yerləşən “LBCI” xəbər saytı yeni liderin HƏMAS-ın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl olduğunu iddia edib.
Qeyd edək ki, Məşəl 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxdıqdan sonra İordaniyadan deportasiya edilib. Suriyaya köçən Məşəl 2004-cü ildə Şeyx Əhməd Yasin İsrail tərəfindən öldürüldükdən sonra HƏMAS-ın siyasi lideri seçilib. O, 2004-2012-ci illərdə Suriyada qalıb. Vətəndaş müharibəsi başlayandan sonra Suriyanı tərk edərək Qətərdə məskunlaşıb.
Zamanında Qəzzada onunla HƏMAS liderləri arasında gərginlik yaşanıb. Onun güzəştə getmək cəhdləri Qəzzada HƏMAS-ın digər liderləri tərəfindən qəzəblə qarşılanıb. Məşəl gərginlikdən sonra istefa verib və 2017-ci ildə kreslosunu İsmayıl Haniyəyə ötürüb. Daha sonra o, 2021-ci ildə Fələstin diasporunda HƏMAS ofisinin rəhbəri təyin edilib.
Xatırladaq ki, HƏMAS lideri Yəhya Sinvar oktyabrın 16-da İsrailin Qəzzanın cənubunda həyata keçirdiyi hücumda ölüb.
Onun ölümündən sonra HƏMAS-ın yeni liderinin Xalid Məşəl olduğu iddiaları artıb.
Roza