Borrell devrilmiş Niger prezidentinin dərhal azadlığa buraxılmasını tələb etdi
Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell devrilmiş Niger prezidenti Məhəmməd Bazumun faktiki olaraq girov saxlanılmasından narahatlığını ifadə edib.
Borrell ilkin şərtlər irəli sürülmədən onun dərhal azadlığa buraxılmasını tələb edib.
Bu barədə diplomat özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Avropa İttifaqı, son məlumatlara görə, bir neçə gündür qida, elektrik enerjisi və əsas xidmətlərdən məhrum olan prezident Bazum və ailəsinin pisləşən saxlanma şəraiti ilə bağlı dərin narahatlığını ifadə edir.
Biz bir daha onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq.
Prezident Bazum özünü nigeriyalıların gündəlik həyatını yaxşılaşdırmaq üçün fəaliyyətə həsr edib. Belə bir davranış üçün heç bir əsas yoxdur”, - deyə Borrell qeyd edib.
Xatırladaq ki, Nigerdə çevrilişin təşkilatçıları artıq hərbi müdaxilə olacağı təqdirdə Bazumu öldürəcəkləri barədə xəbərdarlıq etmişdilər. O, iyulun sonunda hakimiyyətdən uzaqlaşdırılıb. Digər Afrika ölkələri üsyançıların hakimiyyətdən əl çəkmələrini və siyasətçini dərhal azad etmələrini tələb edərək, onları hərbi müdaxilə ilə hədələyirlər.