İsrail ordusu bu ərazini nəzarətə götürdü: Onlarla tunel aşkarlandı
ŞƏHİD HÜSEYN TAĞIYEV - 44 GÜNLÜK VƏTƏN MÜHARƏBƏSİNİN QƏHRƏMANI
Hüseyn Tağıyev 1991-ci il avqustun 8 -də Bakı şəhərində anadan olub.Əslən İrəvan şəhərindən idi.
2 bacının bir qardaşı olan Hüseyn ailənin tək dayağı, tək güman yer idi. Bacısı Könül Tağıyeva qardaşının vətənə çox bağlı olduğunu və ürəyinin yalnız vətən deyərək döyündüyünü qeyd edir. Könül xanım onu da bildirirdi ki, qardaşı öz şəhadətliyini ona ad günü hədiyyəsi edib. Bir bacı üçün təbii ki, bunu demək çox ağırdır. Amma necə də qürurlu bir cümlədir. Şəhidin anası Mətanət xanım isə oğlunu min bir əziyyətlə böyütdüyünü qeyt edir.
Qeyd edək ki, Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2015—2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti bitsə də, 2020-ci ildə yenidən müqavilə bağlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsinin Kəşfiyyat Bölüyünün sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Tağıyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonu ərazisində Ümumşəhər qəbiristanlığında, sonra isə II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.