Azərbaycanda pul bazası artıb-Ekspert RƏYİ
Azərbaycanda pul bazası 20 milyard 396,4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, martın 1-i ilə müqayisədə 1,3 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,3 % azalıb, son 1 ildə isə 15,3 % artıb.
Göstəricilər nə dərəcədə ürəkaçandır?
Bu barədə iqtisadçı ekspert Asif İbrahimov açıqlamasında bildirib ki, pul bazasının azalıb-artması ölkədə kritik şəkildə deyil:
"Mərkəzi Bank bu məsələləri nəzarət altında saxlayır. Pul bazası dövriyyədə olan bütün pul vəsaitlərinin həcmidir. Pul bazasının azaldılması, inflyasiya basqılarının da azaldılması deməkdir. Bununla yanaşı monetar siyasət, yəni sərt pul siyasəti də tətbiq olunur. Yəni uçot dərəcəsi yuxarı miqdarda tutulur ki, inflyasiya məsələləri tənzimlənsin. Eyni zamanda Mərkəzi Bankda inflyasiyanın da nəzarət altında saxlanmasına, yəni xüsusi sıçrayış həddinə gəlib çıxmamasına riayət edilir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. İndiki halda isə əhəmiyyətli dərəcədə ciddi rəqəmlər yoxdur".