İyulun 10-da Rusiya Gənclər Xokkey Liqasında (MHL) oynayan Nijni Novqorod “Çayka”sı yeni mövsümdə komandanın yenilənmiş məşqçi heyətinin rəhbərliyi altında oynayacağını açıqlayıb.
Publika.az xəbər verir ki, məşqçilər korpusunda Ukrayna milli komandasının keçmiş xokkeyçisi, Ukrayna Xokkey Federasiyasının keçmiş vitse-prezidenti Vyaçeslav Zavalnyuk da var.
Çaykanın rəsmi saytında 49 yaşlı Zavalnyuk belə təqdim edilib: “Vyaçeslav Zavalnyuk xokkeyçi kimi Maqnitoqorsk “Metallurq”unun rənglərini qoruyaraq Rusiya çempionu oldub.
Onun kolleksiyasında Moskva “Dinamo”sunun tərkibində Beynəlxalq Xokkey Liqasının “gümüş”ü də var. O, bu komandalardan başqa, Rusiya çempionatında “Nefteximik”, SKA, “Krılya Sovetov”, “Severstal” və “Sibir” klublarında çıxış edib. Doqquz dünya çempionatında, eləcə də 2002-ci il Olimpiya Oyunlarında iştirak edib”.
Bu xəbəri ukraynalıları qəzəbləndirib. Hətta Ukrayna Xokkey Federasiyası (UHF) rəsmi açıqlama verib.
“Manqurtlara və satqınlara Ukrayna cəmiyyətində, xüsusən də xokkeydə yer yoxdur. Zavalnyukun əməlinin biabırçı olduğunu nəzərə alaraq, Ukrayna Xokkey Federasiyası bu şəxsi bütün idman və dövlət titullarından, xüsusən 2008-ci ildə təltif edilmiş III dərəcəli “Xidmətə görə” ordenindən məhrum edilməsi üçün prosedura başlayır”, – FHU-nun bəyanatında deyilir.