31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

“Ağrılarımı azaltmaq üçün meyitləri qucaqlamışdım”

25 may 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Onlarla ilk tanışlığım Xaçmaz Reabilitasiya Mərkəzinin yeməkxanasında oldu. Sadəcə qıraqdan dayanıb müşahidə edirdim. O qədər şirin, mehriban xoş auraları var idi ki…

Adətən evlilik, sevgi təklifləri ilk olaraq kişilər tərəfindən gəlir. İllərdir ki, biz belə görmüşük. Onlarda isə hər şey tam fərqli olub. Gələcək həyat yoldaşı ilə ailə qurmaq təklifini ilk Məhbubə edib. Təsəvvür edin, Məhbubə nə danışa, nə də eşidə bilir… Lap filmlərdəki səhnələrə bənzədi. Amma bu bir gerçəkdir. Boşuna deməyiblər ki, sevgi cəsarət istər! Familin özündən 8 yaş böyük olan 32 yaşlı Məhbubə onunla ailə qurmaq istədiyini bildirəndə əvvəlcə inanmağı gəlməyib. İl yarımdır ki, ailə həyatı qurublar. Familin sözlərinə görə, sevgi heç bir əngəl, qüsur tanımır. Əsas olan ürəkdən bağlanmaq və mərhəmətdir. Bütün çətinliklərə, səhhətlərindəki problemlərə baxmayaq onlar özlərini xoşbəxt hiss edir.

Anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən Famil Əliyev 8-ci dəfə gələrək buradakı xidmətlərdən yararlanır.

- Nə kimi dəyişiklik, fərq hiss edirsən? Bu 8 ildə aldığın müalicənin nəticələri səni qane edirmi?

- Nə gizlədim, burada gördüyüm diqqəti, qayğını getdiyim digər xəstəxanalarda görməmişəm. Qollarımda ağrılarım çox idi. Hiss edirəm ki, ilbəil bu ağrılar azalır.

- Burada ən çox xoşuna gələn, səni qane edən nədir? Bir şikayətin, istəyin varmı?

- Həkimlərin mehriban münasibətidir. Bilirsiniz ki, bəzən əksinə də olur. Amma burada ən kobud xəstəni belə elə şirin dillə danışdırıb ünsiyyət qururlar ki... Bax bu, aldığımız o müalicədən, terapiyalardan da daha çox şəfa verir bizə.

"Sənin kimi gülərüz insanı necə sevməmək olar, ay Famil", deyib növbəti palataya yaxınlaşıram.

Xaçmaz Reabilitasiya Mərkəzinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkil etdiyi mediaturla gəlmişəm. Mərkəzdə əlilliyi olan, habelə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olduq.

Xaçmaz Reabilitasiya Mərkəzinə daxil olarkən diqqətimi ilk çəkən səmimi və mehriban kollektiv oldu. Doğrudur, adətən adam evinə gələn qonağı həmişə mehriban, gülərüz qarşılayır. Amma nəzərə alsaq ki, bu mərkəzin daimi qonaqları adətən fərqli xarakterli insanlar olur. Psixoloji sarsıntı və ya ömürlük travma alan kim, aqressiyasını gizlətməyi bacarmayan kim... Çətin həyat yaşayan insanlar üçün əslində normal hal kimi qiymətləndirilən bir durumdur. Burada önəmli olan bütün bu sadalananlara rəğmən hər birini razı salıb könüllərini xoş tutmaqdır. Necə ki bunu Xaçmaz Reabilitasiya Mərkəzinin səmimi kollektivi edir.

Adıçəkilən reabilitasiya mərkəzinin şöbə müdiri Natavan Xanmirzəyeva ilə söhbət edirik. Elə nəzərdə tutduğum sualı verməyə hazırlaşırdım ki, Natavan xanım özü söhbətə başlayır.

Mən həmişə deyirəm ki, əlillik xəstəlik deyil, sadəcə bir qüsurdur. Onların da hərəsi bir xarakterdə olur. Gərək hamısını olduğu kimi qəbul edib hər birinə individual şəkildə yanaşasan. O qədər fərqli xarakterli insanlar gəlir ki, bura. Elə xəstəmiz olub ki, gəldiyi ilk gün deyib ki, mənim burada müalicəm yoxdur. Biz çalışmışıq onlara ilk növbədə inam hissini, güvəni ötürə bilək. “Ən azı 14 gün səbrli olun, sizdə gedən müsbət dəyişikliyi, buradakı müalicələrin effektivliyini mütləq görəcəksiniz” deyirik. Belə də olur. Zamanla o aqressiyanı, şübhələri gülüşlər, səmimi minnətdarlıq hissləri əvəz edir. Əlimizdən gələni edirik ki, onların hər birini razı salaq. Bu, bizim həkimlikdən əvvəl bir insani vəzifəmizdir.

Yazının əvvəlində qeyd etdiyim kimi, Famil Əliyevin palatasından digər qonşu palataya keçirəm. Qapını açan kimi nurani bir dayı salamlayır məni.

- Ay qızım, xoş gəlmisən. Nə yaxşı biz qoca kişiləri unutmursunuz.

Rauf Hacıyev 1-ci Qarabağ müharibəsi əlilidir. Müharibənin ən qızğın vaxtlarında Beyləqanda, Füzulidə döyüşüb. Ayağının birini Haramı düzündə minaya düşərək itirib. Rauf dayı deyir ki, o hadisəni görənlər başa düşər məni...

- Rauf dayı, heç sizi unutmaq olar? Reabilitasiya necə gedir?

- Sözlər yaşananları izah etməyə hərdən aciz qalır. Bu günə kimi 4 əməliyyat keçirmişəm. Son 3 ildir ki, bu mərkəzin xidmətlərindən istifadə edirəm. Hər il Bakıdan bura gəlib 14 günlük reabilitasiya proseslərini qəbul edirəm.

- Nədənsə şikayətiniz varmı?

- Həkim kollektivindən çox razıyam. Burada cavan qazilərimizi görürəm, ürəyim dağa dönür. Bizim Birinci Qarabağ savaşında yarım qoyduğumuz işi bax bu cavan oğullarımız tamamladı. Bundan böyük qürur yoxdur mənim üçün. İstəyirəm ki, heç kim xəstələnməsin. Ağrımaq çətin dərdir.

Rauf dayının palatasından çıxan zaman gözüm kənardakı protezinə sataşır. 32 ildir ki, o “ayaq” Rauf dayıya yoldaşlıq edir, onunla birlikdə yol gedir. Ona məğrur dayanmağa kömək edir. Ağırdır, amma qürurludur.

Mediatur çərçivəsində mərkəzin direktoru Rövşən Muradov suallarımızı cavablandıraraq ətraflı məlumat verdi:

“Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istiqaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb. Əlilliyi olan şəxslər həm stasionar, həm də amblator müalicə alırlar. Yaxın ərazilərdən gələn əlililiyi olan şəxslər amblator, uzaq məsafədən gələnlər isə stasionar şəkildə müalicə olunurlar. Eyni zamanda mərkəzin səyyar xidməti də aktiv fəaliyyət göstərir, ehtiyacı olan xəstələrin evlərində onlara lazımi yardımı edir. Ümumilikdə müalicə kursu 14 gün davam edir".

Elə bu məqamda mərkəzin həyətində bir qrup qazimizə dəstək göstərən gənc bir psixoloqu müşahidə edirəm. O, səbrlə, aramla onların hər bir sualına qulaq asır, psixoloji problemlərini həll etməyə ürəkdən can yandırır. Yaxınlaşıb salamlaşıram, qazilərimizə hörmət və ehtiramımı bildirirəm. Bütöv Azərbaycanımız üçün onlara ürəkdən sağ ol deyirəm. Elə fürsətdən istifadə edib onların da müalicə prosesi ilə maraqlanıram.

Qazi Sənan Əhmədov yoldaşları adından onlara göstərilən diqqət, qayğı və xidmətlərə görə təşükkürünü bildirir:

“Şuşada yaralanmışam. Bu günə kimi 4 əməliyyat keçirmişəm. Ayağımdakı ağrılar daim məni narahat edir. Bu səbəbdən də reabilitasiya xidmətlərindən artıq 2 ildir ki, yararlanıram. Ayağıma ömürlük miz qoyulub. Bu ağrı ilə yaşamaq çox çətindir. Yenə vaxtaşırı belə müalicələr aldıqca yüngül rahatlıq hiss edirəm və səhhətimə yaxşı təsir edir. Getdiyin yerin kollektivi də çox önəmlidir. Şükür ki, burada həkimlər sarıdan bəxtimiz gətirib”.

Qazilərimizə bu özgüvəni verən psixoloq Səidə Naxmədova il yarımdır ki, bu mərkəzində fəaliyyət göstərir. O, qazilərimizlə elə səmimi, sadə ünsiyyət qururdu ki... Müharibənin dəhşətlərindən, odun-alovun içindən çıxan bu oğullarımıza Səidə xanımın hər sözü, hər hərəkəti məlhəm kimi gəlirdi sanki. Psixoloji söhbətləri başa çatdıqdan sonra Səidə xanıma yaxınlaşdım.

- Burada çalışdığınız müddət ərzində hansı müraciət və ya qazilərimizin həyat hekayəsi sizdə dərin izlər buraxıb?

- Çox ağır da olsa belə bir hadisə olub. Bura ilk gəldiyim ayda bir qazimiz bizim mərkəzə müalicə üçün müraciət etmişdi. Kəkələmə problemi ilə yanaşı onun çox ciddi psixoloji problemləri var idi. Müharibədə yaşadığı dəhşətli hadisədən sonra onda bu proses baş vermişdi.

- Nə idi sizə ən çox təsir edən?

- Yaşadığı o dəhşətli hadisələr. Təsəvvür edin, bir psixoloq kimi mən qazimiz başına gələnləri danışanda göz yaşlarımı saxlaya bilmədim. Qazimiz danışırdı ki, "yaralanmışdım, amma elə hesab ediblər ki, mən də ölmüşəm. Məni ölü bilib vəfat edən əsgərlərimizin içərisində aparıblar. Çox ağır yaralanmışdım, dözülməz ağrı var idi. Ağrılarımı azaltmaq üçün ətrafımda olan meyitləri qucaqlamışdım...".

Səidə xanımın qəhərdən gözləri dolur. Və biz sakitcə bir-birimizə baxırıq.

Onların hər biri öz səngərində müdafiəçidir, qoruyucudur. Əsgəri ön cəbhədə Vətən torpağını qoruyur, canından keçir. Həkimi isə istər ön, istərsə də arxa cəbhədə bu torpaq yolunda can qoyan hər bir vətəndaşına layiqli xidmət göstərməyə çalışır. Mediatur zamanı bunun əyani şahidi oldum. Bizi qoruyanları Tanrı qorusun!

Cəmilə Hətəmxanova


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur