"Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.
QÜTB.AZ xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Milli fasilədən sonra vacib qələbə idi. Düzdür, oyundan çox razı qalmadım. Dinamika istənilən səviyyədə deyildi. Futbolçuların bir-birini sığortalaması düşündüyümüz kimi olmadı. Yalnız dünən bütün komanda birlikdə məşq etdi. "Kəpəz" çox istəkli idi. Onlara uğurlar arzulayıram.
- Futbolçular millidəki məğlubiyyətlərin təsirindən çıxa bilib?
- Normal idilər. Gördüyünüz kimi toparlanıblar. Amma məğlubiyyətlər yaddan çıxmır. Ümid edirəm millimiz qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edər. Ən əsası odur ki, bu gün hamı oyunu zədəsiz başa vurdu.
- AFFA İcraiyyə Komitəsinin üzvü kimi milli komandanın məğlubiyyətlərini sizin də passivinizə yazmaq olar?
- Bu günlərdə bu məsələləni nə qədər az müzakirə etsək, daha yaxşı olar. Hər birimiz üzgünük. Bəlkə də bu oyunların bir neçəsi məğlub olası oyun deyildi. Millimiz əlinə düşən fürsətlərdən yararlana bilmədi. Bu durumdan çıxmaq lazımdır. Fernandu Santuş çox təcrübəli məqşçidir. İnanıram ki, psixoloji cəhətdən futbolçulara düzgün yanaşa biləcək. Hamımız milli komandanın yanında olmalıyıq. Qarşıdakı matçlara daha istəkli və sakit hazırlaşmaq lazımdır.
- Nəriman Axundzadə ilə Musa Qurbanlının məhsuldarlığı azdır. Bunun səbəbi nədir?
- Hər ikisi əsas heyət oyunçusu deyil. Digər tərəfdən, Nəriman pis təsir bağışlamır. İki oyundan bir qol və ya assistlə yadda qala bilir. Musa Qurbanlının uzun fasilədən sonra ikinci oyunu idi. Rəqabətdə uduzurlar. Yaxşı nəticə vermək üçün oynadıqları dəqiqələr çox olmalıdır.
- Musa Qurbanlını icarəyə verməyi düşünürsüz?
- "Qarabağ"da yerli oyunçularımız heç də az oynamır. Üç cəbhədə mübarizə aparırıq. İcarəyə versək, özümüz də oyunçusuz qala bilərik.
- İlqar Qurbanov "Sabaha saxlamayaq" verilişində bildirdi ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusuz. Sizin dövrünüzdə belə hal olub?
- Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş verə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb.
- Benzianın bu gün oynamaması "Ayaks"la oyuna daha yaxşı hazır olması üçün idi?
- Bu gün "Ayaks"la oyun barədə düşünmürdük. Hazır olan futbolçuları meydana buraxdıq. Onu əvvəlcədən meydana buraxmaq risk olardı. "Ayaks"la oyuna bir neçə gün vaxt var. Futbolçuların hazırlıq durumuna baxıb heyətlə bağlı qərar verəcəyik.
Qutb