“Barselona”nın Robert Levandovski və Joao Kanselo komandanın baş məşqçisi Xavinin mövsümün sonunda gedəcəyi ilə bağlı açıqlamasından sonra onunla söhbət edərkən ağlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Catalunya Radio məlumat yayıb.
Mənbənin məlumatına görə, yanvarın 28-də komandanın paltardəyişmə otağında iclas keçirilib və həmin iclasda Xavi qərarla bağlı futbolçuları məlumatlandırıb. Bəzi oyunçular üzr istəyib, Levandovski və Kanselo göz yaşlarına boğulub. Bundan başqa, komandanın kapitanı Sergi Roberto tərəfdaşlarına birləşmək xahişi ilə müraciət edərək, Primera Liqasının 22-ci turunun “Vilyarreal”la oyununda (3:5) məğlubiyyətin günahını da öz üzərinə götürüb.
Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda postunu tərk edəcəyini açıqlamışdı. Mütəxəssis kluba 2021-ci il noyabrın 6-dan rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya klubu iki kubok – İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.