"Neftçi"nin ötən gün heyətinə qatdığı almaniyalı futbolçu Robert Bauer ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Azərbaycana uyğunlaşmaqda elə də problem yaşamayacaq. Səudiyyə Ərəbistanının "Əl-Tay" klubundan transfer edilən futbolçunun şəxsi həyatı belə deməyə əsas verir.
Bunun əsas səbəbi Bauerin Ərəbistanda çıxış etdiyi bir il ərzində islam dinini qəbul etməsidir. Bu məsələdə həyat yoldaşı Roşi də böyük rol oynayıb. Onun müsəlman olması Robertin düşüncülərinə təsir edib. Almaniyalı futbolçu islam dinini qəbul etdikdən sonra Həcc ziyarətinə də gedib.
"Mən İslama həyat yoldaşım və onun ailəsi vasitəsilə gəldim. Uzun illərdir mənə kömək etdiyiniz və səyahətimdə həvəsləndirdiyiniz üçün hamınıza minnətdaram", - deyə futbolçu sosial şəbəkədəki hesabında paylaşım edib.
O, xanımı ilə birlikdə tez-tez sosial layihələrdə iştirak edir. Ehtiyacı olan insanlara, xüsusilə uşaqlara yardımlar edir. Hətta Robertin dəstəyi ilə xanımı və övladı Afrikaya səfər edərək orada dəstəyə ehtiyacı olan körpələrə maddi və mənəvi dəstək olub.
Bauerlə bağlı daha bir maraqlı məqam da var. Futbolçunun valideynləri 1994-cü ilə qədər Qazaxıstanda yaşayıb. Həmin il Almaniyaya köçüblər. Futbolçu 1 il sonra bu ölkədə dünyaya gəlib. Ona Qazaxıstan millisində oynamaq təklif edilsə də, seçimini heç vaxt əsas komandasında oynamadığı Almaniyadan yana edib.
Bununla belə Bundestimlə titul qazanıb. O, Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Almaniya yığması Olimpiadanın finalında Neymarlı Braziliyaya penaltilər seriyasında (1:1, pen-5:4) məğlub olub. "Neftçi"nin yeni transferi həmin vaxt Niklas Sule, Mattiyas Ginter, Lars və Sven Bender qardaşları, Maks Meyer, Serj Qnabri kimi futbolçularla eyni komandada çıxış edib.
Bauer final matçından sonra maraqlı hadisə ilə də gündəmə gəlib. O, məğlubiyyəti həzm etməyərək, rəqib futbolçulara 7 rəqəmini göstərib. Bununla da DÇ-2014-ün yarımfinalında Almaniyanın əsas millisinin Braziliya üzərində 7:1 hesablı qələbəsinə ehyam vurub.
"İnqolştadt", "Verder Bremen", "Nürenberq", "Arsenal Tula" və "Sent-Trüden"də çıxış etmiş Bauer bundan sonra karyerasının qarşıdakı 3 ilini "Neftçi"də keçirəcək. Baş məşqçi Roman Qriqorçuk yenidən quracağı müdafiə xəttinin lider kimi onu görür. Təcrübəli futbolçunun ümidləri doğruldub-doğrultmayacağını zaman göstərəcək.
Heybət