“Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, bu gün hər şey başqa cür ola bilərdi”.
QÜTB.AZ xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Dinamo” (Zaqreb) cavab oyununu dəyərləndirərkən deyib.
O, güclü rəqibə qarşı oynadıqlarını bildirib:
"Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etməyə çalışdıq ki, bu oyunda qalib gələk və turu keçən tərəf biz olaq. Təəssüf ki, alınmadı. Ediləcək heç nə yoxdur. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacağıq ki, orda keçən ilkindən daha yaxşı nəticə verək.
Əslində, “Dinamo” bizdən bir baş üstün deməzdim. Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi. Burada qələbə bizə vacib olduğu üçün daha çox irəli atılmışdıq. Bu da arxa xəttdə boşluqlar yaranmasına səbəb oldu".
Mustafazadə "qol vurmaq üçün təcrübə çatmadı" sualına belə cavab verib:
"Belə olduğunu düşünmürəm. Bəzən olur ki, 100 faizlik epizodları dəyərləndirə bilmirsən. Təcrübə yox, şans çatışmadığını deyərdim. Məncə, son vuruşların da üzərində çalışmalıyıq ki, Avroliqada daha yaxşı nəticəmiz olsun".
27 yaşlı futbolçu çıxış edəcəkləri Avropa Liqasının əsas mərhələsinin yeni formatı barədə də fikirlərini bölüşüb:
"Məncə, maraqlı olacaq. Düşünürəm ki, çox oynamağımız bizim üçün də xeyirdir".
Qeyd edək ki, “Qarabağ” Zaqrebdə keçirilən ilk görüşdə “Dinamo”ya 3, Bakıda isə 2 cavabsız topla məğlub edib. Təmsilçimiz avrokuboklardakı çıxışı Avropa Liqasında davam etdirəcək.
Qutb