Ukraynalı qrossmeyster Vasili İvançuk blits üzrə dünya çempionatında ABŞ təmsilçisi Daniel Naroditskiyə məğlub olduqdan sonra ağlayıb.
QÜTB.AZ xəbər verir ki, qaydalara əsasən, iştirakçılara bütün oyun üçün cəmi üç dəqiqə və hər gediş üçün əlavə iki saniyə vaxt verilib. İvançukun vaxtı qalmadığı üçün əsəbiləşməyə başlayıb. Ukraynalı şahmatçı son gedişi edib və taymeri gec basıb. Məğlubiyyətə görə Vasili İvançuk emosiyalarını saxlaya bilməyib və şahmat taxtasının qarşısında göz yaşlarına boğulub.
Keçmiş dünya çempionu Vişvanatan Anand ukraynalının bu məğlubiyyətinə belə münasibət bildirib:
“Mən şahmat üçün darıxıram? Yox. İvançuka baxın. Görün necə əziyyət çəkir. Bu idman üçün darıxmıram”.
Bu məğlubiyyətdən sonra İvançuk daha iki görüşdə məğlub olub və pley-offa adlaya bilməyib. Ukraynalı 13 turdan 7,5 xal toplayıb və turnir cədvəlində 66-cı yeri tutub.