“İnter Mayami” hücumçusu Lionel Messi barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, Florida təmsilçisinin mətbuat xidməti Argentina millisinin Amerika Kubokundakı Kolumbiya ilə final oyununda (1:0) zədələnən superulduzun durumunu açıqlayıb.
“Tibbi müayinədən sonra Leonun sağ topuğunun bağlarının zədələdiyi müəyyən edilib. Kapitanın matçlarda iştirak etmək qabiliyyəti dövri müayinələrdən və sağalma prosesinin gedişindən sonra müəyyən olunacaq”.
37 yaşlı forvardın zədə səbəbindən iyulun 24-də MLS-in Ulduzlar Oyununu, eləcə də Liqa Kubokunda Meksika təmsilçisi “Puebla” ilə görüşü (27 iyul) buraxacağı bildirilir. Bundan əvvəl “İnter Mayami” MLS-in müntəzəm mövsümündə daha iki oyun keçirəcək. Komanda “Toronto” (18 iyul) və “Çikaqo Fayr” (21 iyul) ilə qarşılaşacaq.