“Əl-Hilal” “Ginnesin Rekordlar Kitabı”ndan sertifikat alıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu ardıcıl 34 oyunda qalib gələrək rəsmi dünya rekordunu müəyyənləşdirib. “Əl-Hilal” 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər hər matçda qalib gəlib.
Asiya Çempionlar Liqasının yarımfinal matçında “Əl-Hilal”ın “Əl-Ayn”ə (BƏƏ) 4:2 hesabı ilə uduzduğu matçda seriya qırılıb.
2023-cü ilin yayında “Əl-Hilal” heyətə Neymar, Malkom, Ruben Neves, Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç və Xalidu Kulibali kimi ulduzları cəlb edib.
Mövsümün sonunda “Əl-Hilal” 96 xalla Səudiyyə Ərəbistanı çempionatının qalibi olub. “Əl-Nəsr” ikinci yeri tutub (82 xal), “Əl-Əhli” isə ilk üçlüyü (65 xal) qapayıb.
Dünən, mayın 31-də “Əl-Hilal” finalda “Əl-Nəsr”ə qalib gələrək (1:1, 5:4 pen.) Səudiyyə Ərəbistanı kubokunun qalibi olub.