ABŞ-da Alyaska Hava Yollarına məxsus 1282 saylı reysi həyata keçirən Boeing 737 Max 9 tipli təyyarənin havada olarkən təcili çıxış qapısının qırılması ilə bağlı araşdırmalar davam edir.
Publika.az xəbər verir ki, ötən həftə baş verən qəzadan sonra aparılan ilkin araşdırmalar nəticəsində ən azı 5 ədəd Boeing 737 MAX 9 tipli təyyarənin qapılarının boltlarının boşaldığı müəyyən edilib. ABŞ Federal Aviasiya İdarəsi (FAA) bu tip təyyarələrlə bağlı araşdırmaya başlayıb. ABŞ-da cəmi 171 Boeing 737 Max 9 təyyarəsi anqarlara geri çəkilərkən və yüzlərlə uçuş ləğv edilərkən, problemlər həll olunana qədər təyyarələrin yerdə qalacağı açıqlanıb. Türk Hava Yolları da öz donanmasında sözügedən tipli 5 təyyarəni dayandırıb və onları xidmətdən çıxarıb.
Təyyarənin havada olarkən təcili çıxış qapısının sınması ilə “iPhone”in 5 min metr yüksəklikdən düşməsi diqqət çəkib. Cib telefonunun ekranında bir cızıq belə olmasa da, onun batareyasının demək olar ki, yarısı dolu olduğu öyrənilib. Qalıqların axtarışı zamanı yol kənarında sərnişinlərdən birinə aid olduğu ortaya çıxan telefonun fotosu “X” sosial media platformasında yayımlanıb. Fotoda telefonun bütöv olduğu görünür. Təyyarə rejimində telefonun batareyası 44 faiz təşkil edib.
Aysel Şahmar