FİFA Paris-2024-ün futbol turnirində iştirak edəcək komandalar üçün yeni qaydalar tətbiq edib.
Publika.az xəbər verir ki, yeni qaydalar hakimlərlə ünsiyyəti məhdudlaşdırır və yalnız kapitanlara hakimlə danışmaq hüququ verir. Təşkilat bu təcrübəni elit turnirlərdən başlayaraq bütün yarış səviyyələrində tətbiq etməyi tövsiyə edir.
FİFA prezidenti Canni İnfantino təşəbbüsün əhəmiyyətini vurğulayıb:
“Futbolu hakimlərsiz təsəvvür etmək mümkün deyil. Onların qorunmasını və hörmət edilməsini təmin etmək oyunun gələcəyi üçün çox vacibdir. Yalnız kapitan qaydası futbolun ruhunu qorumaq və qaydaları tətbiq edənlərə dəstək olmaq üçün əsas addımdır”.
FİFA-nın hakimlər komitəsinin rəhbəri Pyerluici Kollina da yeniliyi dəstəkləyib: “Bu, hakim və komandalar arasında açıq dialoqun davam etdirilməklə futbolda ədalət və hörmətin artırılmasında mühüm irəliləyişdir. Təcrübə göstərir ki, futbolu qorumaq üçün tədbirlər effektlidir”.
Daha əvvəl oxşar qayda Avro 2024-də tətbiq edilmişdi.
Qeyd edək ki, Paris Olimpiadasında kişilər arasında futbol yarışları bu gün başlayıb.