“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Roma”nın hücumçusu Paolo Dibala və icarə əsasında Roma klubunda çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukakunun Türkiyə klubuna keçə biləcəyi haqda yayılan məlumata münasibət bildirib.
Publika.az xəbər verir ki, Mourinyo bu barədə mətbuat konfransında danışıb.
“Mən hər şeyi 100% aydınlaşdırmaq istəyirəm. “Roma”nın heç bir futbolçusu ilə maraqlanmıram. Maraq yoxdur”, – Mourinyo deyib.
Xatırladaq ki, iyunun 2-də “Fənərbağça” komandanın baş məşqçi postuna portuqaliyalı mütəxəssisin təyin olunduğunu açıqlamışdı.
Mourinyonun əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi “Roma” olub. Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında İtaliya klubu Konfrans Liqasının qalibi olmaqla yanaşı, Avropa Liqasının finalında da çıxış edib.