Sığortaçı müraciət etmiş şəxslə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə müqaviləni bağlamaqdan imtina edə bilməz.
Mərkəzi Bankın baş direktorun Ziya Əliyev Reporta müsahibəsində deyib.
Onun sözlərinə görə, ən vacib məsələ, sığortalı dəymiş zərərlə əlaqədar sığortaçının apardığı qiymətləndirmə nəticələrinin ona verilməsini tələb etmək hüququ vardır.
“Əgər sığortalı ona dəymiş zərərlə əlaqədar sığortaçının müəyyən etdiyi ödəniş məbləği ilə razılaşmırsa o zaman müstəqil ekspertizanın keçirilməsini tələb edə bilər. Zərərçəkən tərəf zərər qiymətləndirildikdən sonra hadisə üzrə sənədlərdən sonuncusu verildikdən sonra 7 iş günü müddətində dəymiş zərər məbləğinə uyğun sığorta ödənişinin verilməsini tələb etməlidir. Həmin müddətdə ödəniş həyata keçirilmədikdə gecikdirilmiş hər gün üçün dəbbə pulu da tələb oluna bilər. Sığortalının bütün bu hüquqlarının təmin edilməsi sığortaçının vəzifəsidir”, - Z. Əliyev vurğulayıb.
O qeyd edib ki, sığortalıların hüquqları sığortaçılar tərəfindən pozulduğu halda Azərbaycan Mərkəzi Bankına müraciət etmək hüquqları var. Belə ki, hər il 3 minə yaxın şəxs bu hüquqdan yararlanaraq Mərkəzi Banka müraciət göndərir.
Baş direktor bildirib ki, qanun sığortalıya münasibətdə olduğu kimi sığortaçının da hüquqlarını müəyyən edir:
“Sığortalılar da bilməlidir ki, sığortaçı sığortalı ilə müqavilə bağlayarkən əmlaka baxış keçirilməsini, onunla bağlı zəruri sənədlərin verilməsini tələb edə bilər. Eyni zamanda, hadisə zamanı zərərin qiymətləndirilməsi üçün sığortaçıya tam şərait yaradılmalıdır. Sığortaçı zərəri ya özü, ya da yardımçı hüquqi şəxslər və ya ekspertlər vasitəsilə qiymətləndirə bilmək hüququna malikdir”.
Mərkəzi Bankın Baş direktoru Ziya Əliyevlə müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.