Gürcüstanın qərbində Şovi bələdiyyəsi ərazisində baş vermiş və insan tələfatına səbəb olmuş torpaq sürüşməsi ilə bağlı ilk başsağlığı və yardım təklifi dost və qonşu Azərbaycandan gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Geniş oxucu kütləsinə malik "interpressnews.ge", "apsny.ge", "sputnik-georgia.ru", "24news.ge", "aktual.ge", "interpress.ge" informasiya portalları, "1tv.ge" televiziyası, "rustavi2.ge" televiziya kanalları və daha bir neçə sayt Azərbaycanın Gürcüstana ilk başsağlığı verən və dost yardımı təklif edən ölkə olduğu barədə məlumatlar yayıblar.
Bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakətlə əlaqədar Gürcüstanın xarici işlər nazirinə zəng vurub. Nazir ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, Gürcüstan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. O, itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib. C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Milli.Az