Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.