19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Zərif və döyüşən poeziya

17 apr 2025 21:00
GÜNDƏM
ads

(Tofiq Bayramın 90 illiyinə)

Bu il 90 yaşı tamam olan şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayram Abşeronun ən qədim kəndlərindən biri olan köhnə Xilədə, (bugünki Əmircanda) anadan olmuşdur. Yerli əhalinin hələ də Xilə adlandırdığı Əmircan yetirmələri ilə məşhurdur. Abbasqulu ağa Bakıxanov, ilahiyyatçı alim Axund Məhəmməd Hənifə, Bakının xeyriyyəçi milyonçuları Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev və qızı: yazıçı Ümbülbanu (Banin), şair Səməd Mənsur və oğlu: rejissor, Xalq artisti Tofiq Kazımov, Səttar Bəhlulzadə, Bakıxanovlar nəslinin davamçıları: Əhməd Bakıxanov, Tələt və Tofiq Bakıxanovlar... Bu siyahını Xalq şairi Ramiz Rövşənlə bitirib Tofiq Bayramla davam etdirmək istəyirəm...

T.Bayram anadan şair doğulmuşdu. Onun şairliyi “şeir-sənət məbədi olan”, zəmanəsinin ən tanınmış adamlarının toplaşdığı Əmircandakı ata evindən başlamışdı. Şairliyin “bəylik, xanlıq” deyil, tam bir “qəhrəmanlıq” olduğunu da bilirdi. “Bəlkə şair imiş hər kəsdən əvvəl ilk dəfə ürəyi ağrıyan insan” da onun “tapıntısı”dır. Hər şeydən də şeir yaradırdı. T.Bayram o şairlərdən idi ki, hava haqqında məlumatı dinləyəndə də ilhama gələ bilirdi. (İlham da elə “qonaq”dı ki, kimə gəldiyini bilir...) Bütün həyatı şeirlərində idi. Poeziyaya köçən həyat. Elə əsl həyatı da poeziya idi. Həqiqi şeir “düşüncəni duyğu halına gətirənə qədər yoğurmaqdır”. T.Bayram belə şairlərdən idi. Onun daha bir özəlliyi şəxsiyyətini və yaradıcılığını məddahlıqdan uzaq tutması idi. Sözügedən məddahları Tofiq Bayram şeirində belə ikrah edirdi: “Şair var elə bil əl toğlusudur, vicdanı keyiyir tumar görəndə...” Şəxsiyyəti, xarakterinin bütövlüyü şeirlərində bütün ucalığı ilə əks olunurdu. Şeirləri də şəxsiyyəti ilə möhürlənmişdi. T.Bayramın şeirləri həyatın bütün aspektlərini əhatə edir, ətrafında baş verən heç nəyə seyirçilik etmir, prosesləri izləyib sərrast və rasional qiymət verirdi. Sabirin uçulub-tökülmüş məzarını görəndə iki misra demişdi: “Sabirə bax, səbrə bax, şairə bax, qəbrə bax”... “Ordu gəldi” şeiri də şairin o zaman üçün az qələm adamına xas hünərindən xəbər verir:
 

Qədim Bakı az görməyib qatar-qatar orduları
Bu torpağı çox taladı yad ellərin orduları.
 

Heç vaxt Kommunist Partiyasının üzvü olmayan şairin başı sovet dövründə “millətçi, turançı” kimi az ağrımamışdı. Əslində, bu “damğa”da həqiqət payı da olmamış deyildi. Nədən ki, “T.Bayram əsl azərbaycanlı, iliyinə qədər türk oğlu türk idi”. 1963-cü ildə, Sov.İKP-yə üzv olmaq üçün növbələrin düzüldüyü zamanda şair yazırdı:
 

Vətən torpağına sonsuz məhəbbət,
Mənim portbiletim, partbiletimdir!
 

Onun poeziyası realist, həm də gözəldir. Şair hər misrasına “poetik don” biçməyi bacarırdı. T.Bayram sadəcə qələmi ilə deyil, qəlbi, düşüncələri ilə yazır, hər şeirində yeni söz deyirdi. Bədahətən şeir deməyi də vardı. O, çox şeydə başqalarından fərqlənirdi; dünyanı qavrama bacarığı, “poetik nəfəsin genişliyi”, müasirliyi ilə. Xəyal gücünün ənginliklərində özü ilə tək qalmaqdan da qorxmurdu...

T.Bayramın yaradıcılığı 50-ci illərdən sonrakı dövrə aid edilir. “Ana təbəssümü” adlı ilk kitabı 1961-cü ildə çap olunmuşdur. Proza yerdə möhkəm “dayansa da”, poeziya buludlarda “gəzir”. T.Bayramın poeziyası məhz belə poeziyadır; azad ruhlu, nikbin, enerjili, gülşad, “axar-baxar”lı.

T.Bayram inam, əqidə şairi, “milli təəssübkeşliyin etalonu” idi. Vətən mövzusu onun poeziyasının canı-qanı idi. O, Azərbaycanı “ən gözəl kəlmələr”lə alqışlayır, ona “qızıl qumaşlardan bayraq biçir”, hər şeyin “ən gözəl”inin onun olmasını istəyirdi. Ona Vətən şairi də deyirdilər. Başımızın bəlalar çəkdiyi zamanda belə poeziya hava-su kimi gərəyimiz idi. T.Bayram torpaqlarımızın işğalını görməsə də, hadisələrin gedişatından çox nigaran idi. Azərbaycan, azərbaycançılıq, Vətən, onun təbii gözəllikləri kimi ağrıları, yaraları da T.Bayramın poeziyasında öz əksini tapmışdı. Vətən və Tofiq Bayram ayrılmaz məfhumlardı. Onun Vətən şeirləri o qədər cəsarətlidir ki, onların “koloniya” dövründə yazıldığına inanmaq olmur. O bu mövzuda “baltanı kökündən vuran” sənətkarlardan idi. Vətən mövzusu onun poeziyasından dəli Xəzri, təbiət hadisəsi kimi keçirdi. Vətən onun üçün “Füzuli, Abbas Səhhət, Müşfiq, Səməd” idi. “İlk məhəbbət, müqəddəs həqiqət”, ideya idi. Onun yaradıcılığında həmişə dominantlıq təşkil edən bu mövzu Vətən dara düşəndə, başının üstünü qara buludlar alanda düşmənin gözünü çıxaran süngüyə dönmüşdü. T.Bayram döyüşkən ruhlu poeziyası ilə Vətəni sevməyi, onu qorumağı, yada verməməyi öyrədirdi. Torpağın üstü bir tərəfə, altını da Vətən bilən şairi Qarabağ dərdi, səksəkəsi yandırıb yaxırdı. “Qarabağı vermərəm” şeiri ilə şair ucadan düşünür, beynini yoran saysız suallara cavab axtarır, amma tapa bilmirdi...
 

Bu necə qonşuluqdu, üzük mənim, qaş onun?
Mən öz başımdan keçim çiynimdəki baş onun?
Torpağımdan pay verim olsun könlü xoş onun?
Bu Qarabağ nə vaxtdan məskəni olmuş onun?
 

Hələ dinc vaxtlarda, ermənilərin bizə altdan-altdan quyu qazdıqları dönəmdə Üzeyir Hacıbəyovun Şuşadakı 100 illiyində vilayətin birinci katibi Cevorkovun “hörmətli qonaq” müraciətinə kəskin reaksiya vermiş, “mən qonaq deyiləm, bura mənim vətənimdi” deyib ona yerini göstərmişdi. Belə bir fikir də var ki, ədəbiyyat təxribat xarakterli olmalıdır. Oxucunu həssas damarından yaxalamalıdır. Şairin əlinin altında “kəlmələr rəqs edir” təbiri məncə bu şeir haqqında deyilib...

Onun qəhrəmanları klassiklər və müasirləridir. Söz “zəlzələsi” Nizamidir, millətin “tərcümeyi-halı” Sabirdir, “əfsanəsi” S.Vurğundur. İ.Səfərli, Əli Kərim, Xudu Məmmədov da bu “peyzaj”a rahat yerləşirlər. Hördüyü söz çələngi ilə keçmiş və indini birləşdirir. Şair yerliçiliyə, məhəlləçiliyə pis baxar, bunu xalq adına eyib sayardı. Onun ciddi poeziyası sadəliyi, səmimiyyəti, şirinliyi ilə seçilirdi. Bakılı şairlərin əksəriyyəti klassik divan ədəbiyyatının təsiri altında yazıb yaratsalar da, T.Bayram istisnadır. O, S.Vurğun ədəbi məktəbinin yolunu seçmişdi, şeirlərini həm də qoşma üstündə yazırdı.

T.Bayramın bir xeyli şeiri var ki, nəinki öz yaradıcılığının, dövrünün poetik brendlərindəndir. Bu şeirlər oxucuların dilində sitata, qanadlı ifadəyə çevrilib. “Ana dilim” belə şeirlərdən olub T.Bayramın vizit kartıdır. Milli-mənəvi dəyərlərimizin birincisi olan ana dilimiz həmişə şairlərin yaralı yeri olub. Dil həm də qələm adamlarının sənət materialıdır. Təəssübünü də özləri çəkib... Xəlil Rza, Bəxtiyar Vahabzadə, Tofiq Bayram...
 

Bu dil şirinlikdə şərbət kimidir,
Saflığı qorunan sərhəd kimidir,
Anamız Vətənsə qürbət kimidir
Öz ana dilini bilməyənlərə!
 

Doğma dilin yerini yadın dili verə bilməz. Dil həm də xalqın xarakteri, milli mənsubiyyətimizin rəmzi olub, “öz kökü üstdə bitir”. Vətən sevgisi də elə dildən başlayır. Şair dilimizin gözəlliyini vəsf edir, onu bilməyin vacibliyindən danışır. Üzünü öz dilini bəyənməyib yad dildə danışan biganələrə, ədabazlara, mutantlara tutub deyir:
 

İtsin gözlərimdən qoy ilim-ilim,
Qəzəb ümmanıyam, yoxdur sahilim.
İlan zəhərimdən acıdır dilim
Öz ana dilini bilməyənlərə!
 

Doğrudan da, əsl sözün izaha ehtiyacı yoxdur... Şeir özü oxucunun duyğularına xitab edir, şərbət kimi içilir, qəlbə məlhəm olur.

T.Bayram lirik şairdir. Onun lirikası poeziyamızda yeni bədii sözdür. Şeirləri surroqatdan, saxtadan, şablondan uzaqdır, canlı, natural və konkretdir. Ta qədimdən şairlər “sevgi odunun üstünə daha da alışqan maddə püskürürlər”. Sevginin özünü yaşamayan şair, yalnız “qrafik təsvir yarada bilər, eşqin özünü yarada bilməz”. T.Bayram böyük sevgilər şairi idi, onun lirikasının predmeti eşqdir. Şeirlərində sevgi bəzən qəfildən “hücum edir”, bəzən vaxtsız gəlir, olur ki, tələsir, hərdən də gecikir. Bəzən şirin bir xəyal olur. Həyatın prozası onu “uda” da bilir...

Şairin imzasını təsdiq edən və adı ilə qoşalaşan şeirlərindən biri də “Ay gecikən məhəbbətim”dir. Koloritli T.Bayramın o qədər də koloritli olmayan S.Sərxanla ərsəyə gətirdiyi “... gecikən məhəbbətim” əsəri bütün gecikmiş sevgilərin içindən seçilir, onların himni kimi səslənir. Bu şeir hər yaşda oxunur, oxuyanı qocalmağa qoymur. Bir də şeir yazanın deyil ki... Ehtiyacı olanındır – deyirlər. Əsərin gələcək taleyini oxucu həll edir. Bu nəğmə xoşbəxt talelilərdəndir, onilliklərdir oxunur, sevilir, unudulmur, lirik “Mən” müəllifini unutmağa qoymur...
 

Sən əzabsan, göz yaşısan,
Bəxtimin son naxışısan.
Bəlkə, tale qarğışısan,
Bəlkə də, ilk səadətim?
Ay, gecikən məhəbbətim!
 

Avtobioqrafik sayılan, elə musiqisiz də mahnı olan bu şeir 1982-ci ildə nəğməyə çevrilir, müəllifin dediyi kimi bu gün nastolji də oyatmır, çünki hər nəsil onu yeni qəbul edir, sadəcə, retro duyğusu yaradır. Çoxlarının yaşadığı bənzər duyğuların tərcümanıdır “gecikən məhəbbət”… T.Bayram sakit sevməyi bacarmırdı, onun sevgisi odlu-alovlu idi. Şairin səs-küy yaradan şeirlərindən biri də türk müğənnisi Sevda Aydana etdiyi ithaf olub, hansı ki, zaman üçün əsl hadisə idi, həm ictimai, həm şəxsi baxımdan...

T.Bayramın təbiət lirikası, epik təsvirləri o qədər canlıdır ki, sanki naturadan çəkilmişdir. Onun peyzaj lirikasını həmkəndlisi Səttar Bəhlulzadə ilə müqayisə edirllər. Səttar zamanın fövqündə dayanırsa, T.Bayramın poeziyası zamansızdır. Hər ikisi Azərbaycanımızı vəsf edib. Hər ikisi “ana təbiətin tamadası” idi. Biri poeziyada, biri rəngkarlıqda. İkisi də doğma torpaqda yanaşı uyuyur. T.Bayram özü Səttar möcüzəsinə silsilə şeirlər həsr etmiş, söz ilə “Səttar çələngi” hörmüşdü.
 

Bu dilsiz ağaclar necə oxuyur?
Necə şeir deyir bu lal qayalar?
Nə gözüm yorulur, nə könlüm doyur,
Dil açıb danışır rənglər, boyalar.
 

“Səttar əbədidir, mən gəldi-gedər” deyən T.Bayram “Əmircan lövhələri”ni kəndin fəxri vətəndaşına həsr etmişdi. Zəlimxan Yaqub deyirdi ki, Səttardan danışanda elə bil Allahdan danışırdı. Onun yaradıcılıq ilhamını, həvəsini, həzzini belə şeirləşdirirdi:
 

Tarzən necə tələsər öz tarıyla görüşsün,
Durna necə tələsər qatarıyla görüşsün.
Loğman necə tələsər xəstəsinin yanına.
Məcnun necə tələsər Leylisinə qovuşsun.
 

Rəssam da iş otağına elə tələsirdi. Molbertinə, kətanına, palitrasına belə can atırdı.

Mehdi Hüseyndən danışanda “dili-dodağı əsər”, Əli Kərimin adını çəkəndə ağlayardı.

Bakı, doğma Abşeron, Xəzər onun şeirlərinin bəzəyi idi.
 

Sənsən, Xəzər, mənim ürəyimdə
Sənsən, Xəzər mənim ÜrəyimdəSən..!
 

gözəl nəğməyə dönüb Xəzərin üzərində dolaşırdı. “Bakı haqqında nəğmə” oğul məhəbbətinin bir nümunəsidir. “Ay anam Bakı” şeirinin çapından sonra Bakının meri (indiki təbirlə) Əliş Ləmbəranski ona iki otaqlı mənzil verdirmişdi. O zaman üçün bu şahanə hədiyyə idi.

T.Bayram şeirdə detallarla atmosfer yaratmağı bacarırdı:
 

Nədir ürəyimi burda incidən?
– Çimərlik qapqara, sahil natəmiz…
Bu mavi dənizdir, ya Qara dəniz?
 

Bəzən də, xarakterinə xas yumoru işə salırdı: “Zəncilər Bakıda gəlib ağarır, biz burada qalıb zənciləşirik”. T.Bayram qələminə xas zarafat da insanlara sevgidən irəli gəlirdi.

T.Bayramın satirik şeirlərindən biri də “Ayıltma məntəqəsi”ndə şeiridir. “Xəyyam şeir yazıb tarixə düşüb, sən isə ayıltma məntəqəsinə” deyərək təbi, ilhamı içkidə axtaran bəzi şaircikləri töhmətləyirdi.

Mehdi Hüseyn küçəsi №1. Əvvəllər “Parkovaya” adlanan bu küçəyə yazıçı M.Hüseynin adı 1964-cü ildə verilib. Paytaxtımızın amfiteatrında yerləşən bu ünvan özümüzü dərk edəndən yaddaşımıza həkk olub. Azərbaycan Tele-Radiosunun dəyişməz ünvanı. T.Bayram bu məlum faktı ədəbiyyata gətirib, şeirləşdirib:


Bir küçə var – dünyanı gətirir evimizə,
Özü görünməsə də, ərzi göstərir bizə.


Sonra yazıçıya xitab edərək “ucalsaydı heykəlin, tanınmazdın bu qədər” deyir, adi ünvanın vətəndaşda necə bir assosiasiya yaratdığından danışır. Şair bu şeiri ilə sıradan bir, gördüyü işlər isə böyük epoxanı əhatə edən adi bir ünvanı poeziyada əbədiləşdirir. Şeir radiomuzun yarım əsrlik yubileyinə həsr edilmişdir. Onu demədən keçmək olmaz ki, and yerimiz olan Şəhidlər Xiyabanı da M.Hüseyn küçəsində yerləşir və Tele-Radio ilə qonşudur. Müasir Bakının simvolu olan Alov Qüllələri də küçənin mənzərəsini tamamlayır.

T.Bayramın yaradıcılığında bir sabit obraz da var. Qadın obrazı. Qadın poeziyada aparıcı obraz olub həmişə mövzunu diri saxlayır. Qadın və poeziya ayrılmazdır. Dünya poeziyası xəzinəsindəki şedevrlərə görə məhz qadınlara borcludur. T.Bayramın poeziyası qadına səcdə edir, gözəlliyi qarşısında heyrətlənir, onu zirvələrə qaldırır, ona möhtac olduğunu etiraf etməkdən çəkinmir. “Lap dahi olasan, şıltaqlığına öz qadının dözər, öz anan dözməz”, – deyib onu həyatında ən birinci yerə qoyur, ən yaxın insana çevirir. Oxucunun qarşısında klassik Azərbaycan qadınının obrazı açılır. Bu qadın özü şeir kimidir. T.Bayramda qadın dayaqdı, güc qaynağıdı, arxa cəbhədi. Həm də sirrdir, pünhandır... ilhamdır. Hər axşam evə dönməyi ilk görüş yerinə tələsməklə müqayisə edir. “Evə qayıdırıq”, “Qadın ürəyi”, “Keç günahımdan” qadınlara həsr olunmuş ən gözəl şeirlərdəndir. “Qadın ürəyi” bir “manifestdir”. T.Bayram məhəbbət şeirlərinin əksəriyyətini həyat yoldaşı Zərifə xanıma həsr edib, bir qismi də ovqat şeirləridir. T.Bayramın sevgi şeirlərini səciyyələndirən əsas cəhət səmimiyyətdir. Ən gözəl şeiri olan “Qadın ürəyi”ni adını gizli saxladığı “Q.A-ya” ithaf edib. Gah ömür yoldaşına “şairə nə qədər keşik çəksən də, hardasa bir gizli məhəbbəti var” cəsarətli etirafında bulunur, gah da “sağalmaz xəstənəm, dərmanım sənsən”, – deyə əff diləyir. Hətta tərcümələrində də qadınları tərənnüm etmişdi. Qaysın Quliyevin “Gözəl qadın qocalanda” şeirini elə tərcümə edib ki, şeir də udub, tərcümə də. Əslində o tərcümə mükəmməl sayılır ki, tərcüməçi görünməsin. T.Bayram şeirə elə aludə olub, “gözəlliyi gedər-gəlməzə gedən” qadına elə yas tutub ki, özününküləşdirib. “Gərək deyil tərcüməçi də, şeirin vahid dili ürəkdir, ürək” deyərək, Balkar şairinin şeirinə tipik T.Bayram havası qatıb, xüsusən özü oxuyanda:
 

Qadın qocaldıqca utanıb əsir
Üzünü gizlədir baxışlarından.
Onun nə günahı, vaxtdır müqəssir...
Mələyi qarıya döndərir zaman.
 

Onun poeziyası “zamanın həyəcanları”ilə döyünürdü. Elə özü də şeirləri ilə həyəcan yaşatmağı bacarırdı. Şairin onlarla şeiri var ki, bilməyən çox azdır. İlk misrasından tanınan, özü simvola çevrilən şeirlərindəndir “Şair qocalmaz”, ”Azərbaycan deyəndə”, ”Köhnə şeirlərimlə söhbət”... T.Bayram gah əsib coşa-coşa “Qarabağı vermərəm” deyir, gah Azərbaycan deyə-deyə “ürəklərdə döyünmək” istəyir, həm də, dilinə xor baxan nadanları hədələyir. Yad qadının ürəyində yandırdığı “Sevda ulduzu”nu vəsf edir, sonra da özünü, günahlarını “qadın ürəyi”nə təslim edir, ona sığınır... Əsl, klassik şair naturası...

Şair “Volokardin” şeirini özünün pasportu sayırdı. Düşünürəm ki, T.Bayramın pasportu sayılacaq şeirləri çoxdur. Hamının əzbər bildiyi, ancaq onun yaza bildiyi, imzasını təsdiqləyən şeirləri.. “Poeziyanın tərifləri çoxdur. Biri də, sözlərin ən gərəklisini tapa bilmək sənətidir”. Ədəbiyyatşünas alim Yaşar Qarayev T.Bayramı belə sənətkarlardan, söz xiridarlarından hesab edirdi.

Şairin mənəvi dəyərlərimizə münasibəti “Vağzalı çalınır” şeirində bariz görünür. Hər toyda-mağarda yada düşən, elə “Vağzalı” ilə müşaiyət olunan “Vağzalı çalınır” şeiri poeziya ilə musiqinin təkrarsız harmoniyasıdır. Bu süjetli şeirlərdən olub adət-ənənə, xeyir-dua, hiss-həyəcan ifadə edir. “Vağzalı” milli Mendelson olsa da, səsi uzaqlara aparır, kədərləndirir, dünyanın əbədi qanunlarını bir daha xatırladır... Tənqidçi Cavanşir Yusifli bu şeir barədə əsl şair “adi görünəndən möcüzə yaradandı” demişdi.

Hər şair, əslində çox şairlər... öz şeirlərini yaxşı oxuya bilmirlər. Qiraətdə şüarçılıq, monotonluq, yoruculuq müşahidə olunur. T.Bayram isə özünün odlu-alovlu qiraəti, təbii pafosu, emosiyası, bədən dili ilə həm də şeirlərini gözəl çatdırmaq qabiliyyətinə malik idi. Şeirlərinin ən yaxşı qiraətçisi elə müəllifin özü idi. Şeiri elə oxuyurdu ki, coşur, daşır, “həm özünü yandırırdı, həm özgəsini”. Nazim Hikmət T.Bayramın şeir oxuduğunu gördükdən sonra “S.Vurğunun layiqi yetişir” demişdi. Rus şairi A.Voznosenski də bu mövzunu davam etdirərək yazırdı: ”Mən dünyanın heç bir yerində auditoriya tərəfindən Tofiq Bayram qədər hərarət və xüsusi məhəbbətlə qarşılanan şair görməmişəm”. O kürsüyə qalxanda sanki “yeriyən dağ silkələnirdi”.

T.Bayramın aktiv və məhsuldar tərcüməçilik fəaliyyəti haqqında danışmamaq olmaz. Şair özü tərcümə işinə böyük qiymət verir, onu cavabdehlik baxımından qanköçürməyə bənzədirdi. Yəni o qədər dəqiq və məsuliyyətli. Hələ U.Çörçel zamanında “diktatorlar öz diş həkimlərindən və tərcüməçilərindən ehtiyat etməlidirlər” deməklə, tərcümə sənətinin əhəmiyyətini bəlli etmişdi...

T.Bayramın Lope de Veqadan, A.S.Puşkindən, A.Axmatovadan tərcümə etdiyi seçmələr şairin peşəkarlığı ilə bərabər, həm də yüksək zövqünün göstəricisidir. A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə 1988-ci ildə M.Qorki adına Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. R.Həmzətovun “Mənim Dağıstanım” kitabının peşəkar tərcüməsinə görə şairə böyük kompliment edilmiş, hətta, deyəsən “T.Bayram avardır” şübhəsi də yaranmışdı. Rəsul Həmzətov ondan incik dünyadan köçmüş dostu Səməd Vurğunun ruhunu şad etmək, özünü də sakitləşdirmək məqsədilə gecikmiş “Əziz dostum” şeirini yazır. T.Bayram onu dilimizə elə uğurlu tərcümə etmişdi ki, çox adam sonradan məşhur mahnıya çevrilmiş bu şeirin tərcümə olduğunu da bilməyib. Tərcüməni çox bəyənən müəllif T.Bayrama “sən mənim ruhumu məndən daha yaxşı anlamısan” deyir. “Əziz dostum”u İslam Rzayev, Rübabə Muradova, Əbülfət Əliyev, Canəli Əkbərov, Alim Qasımov kimi Xalq artistləri, xanəndə Səxavət Məmmədov ifa etmişdilər. Mahnı türk dövlətlərində, xüsusən Türkiyədə də məşhurdur. “Tofiqləngər” (dostlarının təbirincə) öz tərcümə yaradıcılığı ilə də ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirirdi.

Ümummilli liderimiz Heydər Əliyev Tofiq Bayramın yaradıcılığına yüksək qiymət verərək, onu “ədəbiyyatımızın böyük qayğıkeşi” adlandırmışdı. Sovet dövrü poeziyamızda özünün fəxri yeri, məqamı olan görkəmli şairimiz Tofiq Bayram özünün həzin lirikası, ictimai-siyasi məzmunlu şeirləri ilə yaşayır, bu gün də aktualdır. Həyata “bir dəfə gəlmişəm daha bəsimdir” deyən Tofiq Bayram ölümü ilə də insanlığa xidmət etmək istəyir. Son gedişində “bütün yer üzünün yamanlığını, dərdini” özü ilə aparıb, “bütün insanların cavanlığını ölümün cəngindən” qurtarmaq istəyir. Budur, “Prometey hünərli” (akad.A.Aslanov) şairin şəxsiyyətinin mötəbərliyi, yaradıcılığının mahiyyəti. “Azərbaycanım” kitabının epiqrafı T.Bayramın 57 illik ömrü ilə səsləşir: “Ömür qısa, sənət yolu uzundur”. Deyirlər, əsl şair öləndə dünya da ağzını bir az yumur... “Gərək elə yanım, külümdən belə, nəsillər tanısın – Tofiq Bayramam...” deyən poeziyamızın dağ vüqarlı, tufan kimi kükrəyən şairi 40 illik yaradıcılığı ilə 90 yaşını təbrikə gəlib. Nə qədər ki, şeirləri dil-dodaqda gəzir, nəğmələri oxunur, şair nə qocalar, nə də unudular.

Dilarə Adilgil,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur