Ukraynanın müdafiə naziri Rustem Umerov respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası barədə məlumatı təsdiqləyib.
Publika.az xəbər verir ki, müafiq məlumat Müdafiə Nazirliyinin rəhbərinin "Facebook" səhifəsində dərc olunub.
"General Valeri Zalujnının qarşısında ən çətin vəzifələrdən biri var idi - böyük müharibə zamanı Ukrayna Silahlı Qüvvələrinin komandanlığı. Bu gün Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı qərar qəbul edildi. Bütün nailiyyətləri və qələbələri üçün Valeri Fedoroviçə səmimi minnətdarlığımı bildirirəm", - deyə rəsmi bildirib.
Qeyd edək ki, fevralın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə görüşdüyünü və iki illik fəaliyyətinə görə ona təşəkkür etdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, indi ordu komandanlığını yeniləməyin vaxtıdır.
Zelenski general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.
Bundan əvvəl Sırski Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarına komandanlıq edib.
Hüseyn İbadlı