04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Unudulmuş aktrisa: Kimsə onun nə yaşadığını bilmədi...

10 yan 2024 13:00
GÜNDƏM
ads

Onun adı çəkiləndə ən çox bu ifadələr işlədilir: Dərdlərini özü ilə o dünyaya aparan aktrisa. Heç kim onun nə yaşadığını bilmədi... Bu gün istedadlı aktrisa, Əməkdar artist Sevil Xəlilovanın doğum günüdür.

Publika.az sənətkarla bağlı maraqlı məqamları təqdim edir.

Sevil Xəlilova 1953-cü ildə Bakıda anadan olub. Elə uşaqlıqdan incəsənətə böyük həvəs göstərib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində təhsil alıb, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" tamaşasında Professorun qızı rolunu özünəməxsus tərzdə canlandırıb.

Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. "Kölgələr pıçıldaşır"da Çeşmə, "Şəhərin yay günləri"ndə Qumru, "Dəli yığıncağı"nda Zəvvar, "Əliqulu evlənir"də Humay, "Kimdir haqlı?"da Məlahət, "Büllur sarayda"da Səadət, "Təhminə və Zaur"da Mədinə, "Üç quruşluq opera"da Kitti, "Nişanlı qız"da Zərifə, "Vaqif"də Gülnar, "Fedra"da Enona, "Poçt şöbəsində xəyal"da Züleyxa, "Köhnə ev"də Mələk, "Hərənin öz payı"nda Xədicə xala, "Afət"də İlçay, "Dirilən adam"da Telli, "Ölülər"də Məşədi Orucun anası, "Ölüləri qəbristanlıqda basdırın"da Güləndam, "Eloğlu"da Cəvahir xanım obrazını ustalıqla təqdim edib.

Sevil Xəlilova Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. "Atayevlər ailəsi"ndə Mehrican, "Hacı Qara"da Sona, "Şərqin səhəri"də Nataşa, "Ötən ilin son gecəsi"ndə Gülarə, "Yollar görüşəndə"də Rahidə obrazı bu gündə sevilərək izlənilir.

Amma bütün bunlara baxmayaraq Sevil Xəlilova udulmuş aktrisalar sırasında yer alıb. Çünki rejissorlar istedadlı aktrisadan kifayət qədər istifadə etməyiblər nə yazıq ki... O özü də sağlığında bunun fərqində olub, üzdə biruzə verməsə də, daxilində həmişə təssüf hissini yaşayıb.

Sevil Xəlilova incə, zərif sifət cizgilərinə, incə, xoşagəlimli xarici görünüşə sahib olub. Xasiyyətcə də həlim, mehriban təbiətli insan idi. Heç kimin könlünü qırmağı, incitməyi bacarmayıb. Özünəqapalı, hisslərini, yaşadıqlarını bölüşməyi sevməyən xarakter sahibi idi. Bəlkə elə arxa planda qalmağının bir səbəbi də bu olub, kim bilir...

Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

İstedadlı aktrisa 28 noyabr 2011-ci ildə ürək çatışmazlığından vəfat edib. Əməkdar artist Novxanıda ailə qəbiristanlığında, valideynlərinin məzarlarının yanında torpağa tapşırılıb. Özündən sonra bir qız övladı yadigar qalıb.

Sağlığında aktrisanın ən yaxın sirdaşı olan Xalq artisti Nuriyyə Əhmədova Sevil Xəlilovanın dərdlərini özü ilə apardığını söyləyib: "Bacım içini yeyə-yeyə getdi. Bütün dərdini-sərini öz içində apardı. Heç kim onun nə yaşadığını bilmədi"...

Cəmilə Hətəmxanova


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur