Mudurnuda 2011-ci ildə tikintisinə başlanılan 732 villa, bir ticarət mərkəzi, bir hotel və 2 konqres mərkəzinin yer aldığı layihə çərçivəsində qala tipli villalardan 580-nin tikintisi başa çatıb.
QÜTB.AZ xəbər verir ki, villalardan 350-si Qətər, Bəhreyn, Küveyt, Dubay və Səudiyyə Ərəbistanındakı müştərilərə satılıb. “Burj Al Babas” adlı layihənin sahibi olan “Sarot Thermal Group” ərəb müştərilərin aylıq ödənişləri vaxtında ödəməməsi və maliyyə problemləri səbəbiylə 2018-ci ildə məhkəməyə müraciət edib. İstanbul 3-cü Ticarət Məhkəməsi 2018-ci ilin sentyabrında “Sarot Group” çətiri altındakı 3 şirkətin iflası haqqında qərar çıxarıb.
Qala tipli memarlığı ilə diqqət çəkən layihə dayandırılıb. Layihə bütün dünyada memarlığı ilə məşhurlaşıb. Bu tikili YUNESKO-nun Mədəni İrs Siyahısına da namizəd olub. Daha sonra isə tikili Mudurnunun tarixi binalarına uyğun gəlmədiyi üçün tənqid edilib.
Daha sonra İstanbul Regional Ədliyyə Məhkəməsinin 17-ci Mülki Kollegiyası ötən il “Sarot Group”-na məxsus 3 şirkətə qarşı çıxarılmış iflas qərarını ləğv edərək, satış icazəsi verib.
ABŞ-da yerləşən “Nova Group Holding” şirkəti tikintisi yarımçıq qalmış “Burj Al Babas”ı tamamlamaq üçün investor olmaq təşəbbüsü ilə çıxış edib. “Nova Group” və “Sarot Group” nümayəndələri layihəni başa çatdırmaq üçün Ankarada bir araya gəliblər.
“Nova Group Holding”in baş direktoru Müjdət Gülər layihənin keçmiş sahibləri və daşınmaz əmlak alan şəxslər üçün heç bir problem olmadığını bildirib:
“Satışla bağlı hüquqi proses davam edir. Bura Türkiyə turizminə böyük töhfə verəcək”.
Gülər proses tamamlandıqdan sonra lazımi açıqlama verəcəklərini vurğulayıb.
Aysel Şahmar