ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Polisin məlumatına görə, fövqəladə hadisə yerli vaxtla saat 02:00 radələrində 100-150 nəfərin iştirak etdiyi ziyafətdə baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumun hədəfi 33 yaşlı kişi olub və yerindəcə ölüb - ona çox yaxın məsafədən atəş açılıb. Daha biri xəstəxanada dünyasını dəyişib. Üçüncü qurbanla bağlı məlumat verilmir.
Orada bir neçə silahlının ola biləcəyi qeyd olunur. Atışma yerindən 30-a yaxın giliz və odlu silah tapılıb.
Qeyd edək ki, Pensilvaniya ştatında ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Hüseyn İbadlı