Uzun müddətdir “regionda xarici qüvvələrin mövcudluğuna dözməyəcəyini” bəyan edən İran nəhayət bu xəbərdarlığın real ünvanının Azərbaycan yox, Ermənistan olduğunu anlamağa başlayıb. İran prezidenti İbrahim Rəisi ötən həftə Tehrana səfər edən Ermənistan baş nazirinin müavini Mher Qriqoryana bu haqda açıq xəbərdarlıq etdi. Rəisi bildirib ki, “İran xarici qüvvələrin nəinki anlaşılmazlığı həll etmədiyini, hətta böyük problem olduğunu nəzərə alaraq, bölgədə mövcudluğuna qarşıdır”.
Rəsmi Tehranın indiyə qədər bu haqda verdiyi açıqlamaların ünvanı kimi Azərbaycan göstərilirdi, xüsusilə İran daxilində müəyyən qüvvələr və Ermənistan Bakının “xarici qüvvələri bölgəyə gətirməkdə” ittiham edirdi. Qəribə bir vəziyyət yaranmışdı:
- Xarici qüvvələrin bölgəyə gəlişinə qarşı olan Azərbaycan regional əməkdaşlıq formatının inkişaf etdirilməsini dəstəklədiyi halda belə ittihamlarla üzləşirdi;
- Xarici qüvvələri, hətta NATO ölkələrinin təmsilçilərini bölgəyə gətirən, xüsusilə İranla sərhədə yerləşdirən Ermənistan isə bu ittihamlardan kənarda qalır, əksinə, Azərbaycana qarşı ittihamlara dəstək verirdi;
Rəsmi İrəvanın diqqəti üzərindən yayındırmaq və Bakının üzərinə yönəltmək cəhdi aydın görünürdü. Lakin İranda reallığın bu qədər təhrif edilməsi və qondarma uydurmalara istinadən siyasət sərgilənməsi anlaşılmaz, həm də təəccüblü idi. Çünki İran Azərbaycanın üzərinə bu ittihamlarla gəldiyi vaxt Ermənistan Qərb qüvvələrini Cənubi Qafqazda möhkəmləndirməklə məşğul olub.
- Qərb ölkələrinin kəşfiyyat nümayəndələrini Avropa İttifaqının “mülki missiyası” adı altında bölgəyə yerləşdirib: artıq bu missiyanın tərkibi 1500 nəfərdən ibarətdir və prosesə bütün Avropa ölkələrinin qoşulması məsələsi aktualdır;
- Kanada da misssiya adı altında öz təmsilçilərini bölgəyə yerləşdirib: bu, NATO-nun üzv ölkəsi olan Kanada üzərindən bölgəyə gəlişi deməkdir;
- Fransa Ermənistanı sürətlə silahlandırır və “hərbi əməkdaşlıq” adı altında öz qüvvələrini bölgəyə yerləşdirir: hətta Fransa jandarma qüvvələrinin də bölgəyə gəlişi gözləntilər arasındadır;
Ermənistanın Cənubi Qafqaza gətirdiyi Qərb qüvvələrinin hamısı birmənalı olaraq, İranla sərhəddə, yaxud sərhədin yaxınlığında mövqelənib. İstisna deyil ki, Qərb “müşahidə missiyası” adı altında İrana qarşı da kəşfiyyat-diversiya planlarını həyata keçirir.
Artıq Tehranda bu reallığı anlamağa, real təhlükənin ünvanının Erməbnistan olduğunu görməyə başlayıblar. Mher Qriqoryanın Tehrana səfəri zamanı İran Ermənistana xəbərdarlığını əyani şəkildə çatdırıb.
Ermənistan mediasının məlumatlarına görə, İbrahim Rəisi Qriqoryana Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasının son dərəcədə arzuolunmaz olduğunu deyib. “Hraparak” nəşri diplomatik mənbələrə istinadən erməni baş nazirinin müavininin Tehran səfərinin gərgin keçdiyini yazır.
Qapalı görüşdə Rəisi İran Qərbin regionda hərbi mövcudluğunu sabitliyin pozulması faktoru kimi qiymətləndirib və Rusiyanın hərbi mövcudluğunun gözdən salınmasına qarşı olub. Ermənistan nümayəndə heyəti müxtəlif iddialarla Qərb qüvvələrinin Zəngəzura yerləşdirilməsini izah etməyə çalışıb. Bildirilib ki, Rusiya Ermənistanı müdafiə etmir, buna görə Qərb qüvvələrinə üz tutmalı olublar. Rəisi isə lazım olacağı təqdirdə İranın Ermənistana hərbi baza yerləşdirə biləcəyini vurğulayıb.
Erməni şərhçi Varuhan Qeqamyan da bildirir ki, Rəisinin Qriqoryana dedikləri İran-Ermənistan münasibətlərinin korlanmasından xəbər verir: “Ermənistan hakimiyyəti Tehranla düşmənçilik edən Qərb qüvvələrini İran sərhədlərinə yerləşdirməyə çalışır”.
İran prezidentinin erməni baş nazirin müavininə xəbərdarlığı Tehranda xarici qüvvələri regiona gətirən ölkənin Azərbaycan yox, Ermənistan olduğunu anlamağa başladıqlarlarını göstərir.
Asif Nərimanlı