Məşhur dil öyrənmə platforması “Duolingo” minlərlə tərcüməçinin ixtisar edilməsinə səbəb olub. Belə ki, “yaşıl bayquş” tərcümə tapşırıqlarını yerinə yetirmək üçün süni intellektə etibar etmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə ixtisara düşən işçilərin sosial şəbəkə paylaşımlarından aydın olub.
Bir istifadəçi, hətta şirkət tərəfindən onlara göndərilən ixtisarın təfərrüatını açıqlayan elektron məktubun ekran görüntüsünü paylaşıb. Məktubdan aydın olub ki, əsas komanda üzvlərinin dördündən ikisi qalacaq, onlar da süni intellektin tərcümələrinin düzgünlüyünə nəzarət edəcəklər.
Qeyd edək ki, dünyanın hər yerində insanlara xarici dilləri öyrədən, həmçinin tərcümələr həyata keçirən “Duolingo” beynəlxalq şirkəti 2011-ci ildə yaradılıb. Hər şeydə qabaqcıl olan şirkət süni intellekti ilk tətbiq edənlərdən biri idi. Əvvəlcə bundan sadəcə istehsal planlarını, tələbələr üçün tapşırıqları, ümumiyyətlə, kiçik şeyləri tərtib etmək üçün istifadə olunurdu, amma belə görünür ki, sonradan şirkət maliyyədə də qənaət etmək qərarına gəlib.