Soyuq havalarda insan orqanizmində bəzi dəyişikliklər baş verir. Onlardan biri budur ki, insan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar tez tez quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər buxarlanmır və dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.
Publika.az xəbər verir ki, bu sözləri reanimatoloq və anestezioloq Şahin Məmmədov deyib. Qarın insan bədəninə təsirindən danışan mütəxəssis əlavə edib ki, dişlərdə əvvəlcədən olan problemlər xüsusilə soyuq aylarda üzə cıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.
"Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək və əksinə isti evdən soyuq havaya çıxmaq, həmcinin soyuq havalarda artan susuzluq miqreni tətikləyir.
Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.
İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq+ quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.
Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur".
Mütəxəssis qeyd edib ki, soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir:
"Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsizsə, sizin travma almaq ehtimalınız yüksəlir.
Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn, avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır. Evlərin də pəncərələri kip bağlandığı üçün evdə radon qazının səviyyəsi artır və bu özünü yorğunluq və baş ağrısı ilə göstərir".
Aytən
Foto: Elnur Muxtar