Bir neçə gündür müşahidə olunan qeyri - sabit hava şəraiti bölgələrdə ağır fəsadlar törədib.
Güclü yağış bir metrədək yarğanlar yaradıb, lil qatı yolu yararsız vəziyyətə salıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qəbələyə yağan dolu və leysan yağışları Uludaş kəndindən keçən Bum çayında selin yaranmasına və suyun çayın istnad səddini aşaraq kəndə daxil olmasına səbəb olub.
Sel kənd yollarını, fərdi evlərin hasarlarını dağıdıb, həyətyanı təsərrüfatları, meyvə bağlarını lil qatı örtərək yararsız vəziyyətə salıb.
Qəbələ Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda Bum çayında sel sularının kəndə düşdüyü ərazidə bərkitmə işləri aparan iki ağır texnika işləyir.
Qeyd edilib ki, sözügedən ərazidə 350 metrədək beton istinad divarının qurulması üçün layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.
Yevlaxda isə elektrik xətlərini və transformatoru ildırım vurub. Nəticədə Yevlax şəhərinin bir hissəsi və 4 kənd işqısız qalıb. Sakinlər bildirib ki, yaşadıqları kəndlərdə elektrik verilişində fasilələr tez-tez olur.
Yevlax Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirib ki, güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndlərində 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Sumqayıtda isə külək irigövdəli ağacı yola aşırıb. Hadisə şəhərin 12-ci mikrorayon, Korolğu küçəsinə baş verib. Ağac aşaraq yaxınlıqda olan avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az