Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) hərbi əməkdaşlığı artırmağa çağırıb.
Publika.az xəbər verir ki, Şoyqu KTMT Təhlükəsizlik Şurasının Katibləri Komitəsinin iclasında çıxışı zamanı bloka üzv ölkələrin təhlükə altında olduğunu bildirib.
Onun sözlərinə görə, NATO-nun təxribatlarının sayı artır və hazırda KTMT üçün real təhlükə Şimali Atlantika Blokunun genişlənməsidir: “Alyans çoxsaylı hərbi təlimlər keçirir. Bu təlimlər digərləri ilə yanaşı, KTMT ölkələrinin ərazisinə müdaxilə riski də yaradır”.
Məhz bu səbəbdən də Şoyqu KTMT çərçivəsində hərbi-texniki əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, NATO Avrasiya regionunu geosiyasi qarşıdurma meydadına çevirməyi planlaşdırır və bunun üçün müxtəlif vasitələrdən, o cümlədən müstəqil dövlətlərin daxili işlərinə birbaşa müdaxilədən, siyasi təzyiqlərdən, şantajlardan, təhdidlərdən, sanksiyalardan istifadə edir.
Qeyd edək ki, KTMT Təhlükəsizlik Şurasının iclası Almatıda keçirilir və bu, Şoyqunun yeni vəzifəsində ilk beynəlxalq səfəridir.
Vazeh BƏHRAMOĞLU