“Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə səsvermə hüququmdan istifadə edəcəyim üçün sevincliyəm. Hər bir seçki ölkəmizin gələcək inkişafı və daha da güclənməsinə xidmət edir. Düşünürəm ki, səsvermə hüququmdan istifadə etməklə gələcəyimizin inşa edilməsində mən də iştirak edəcəm”.
QÜTB.AZ xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında sentyabrın 1-də ilk dəfə səs verəcək Elgün Əlizadə deyib.
E.Əlizadənin 18 yaşı sentyabrın 1-də - Milli Məclisə seçkilərin keçirildiyi gün tamam olur. Ağcəbədi rayonunun Cəfərbəyli kəndinin sakini olan gənc seçici səsvermə hüququndan 21 saylı məntəqədə istifadə edəcək.
Əlizadə bildirib ki, seçkilər ölkədə demokratik dəyərlərə uyğun idarəetmə institutlarının formalaşdırılmasında əhəmiyyətli amildir: “Seçkidə iştirak etmək bu idarəetmənin bir hissəsi olmaq deməkdir. Səsvermə hüququmdan ilk dəfə istifadə etməklə ölkənin idarəçiliyində iştirak dövrünə qədəm qoyacam. Bir gənc olaraq bununla fəxr edirəm və bütün gəncləri seçkilərdə aktiv olmağa çağırıram”.