“Mən Elza Seyidcahana cavabımı dünən anlatmağa çalışırdım. Əgər sənət adamı açıq-saçıq və dekolte arasındakı fərqi görmürsə, onun özünə, düşüncəsinə və sənətinə sualım çoxdur. O fürsətdən istifadə edib məni tənqid edir, ancaq çəki nüfuzumuzu nəzərə salmadan tənqid edir. Flora Kərimova millətinə, ailəsinə və sonda özünə hörmət edir. Çünki hər birimizin nüfuzundan yaşadığımız ölkənin nüfuzu asılıdır”.
Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib.
O, Əməkdar artist Elza Seyidcahanla arasında olan qalmaqala aydınlıq gətirib.
Xatırladaq ki, ARB Televiziyasında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan sənətçilər arasında mübahisə yaşanıb.
Məsələyə münasibət bildirən F. Kərimova isə fikirlərini belə izah edib:
“Bu sözləri mənə deməmişdən qabaq Elza yadına salmalıdır ki, o davranışında, geyimində və münasibətində əziyyət çəkən başıbəlalı bir millətin təmsilçisidir. Mən istəmirəm ki, Azərbaycan qadınına gülsünlər, onu məsxərəyə qoysunlar, ələ salsınlar. İstəmirəm ki, Azərbaycan qadını birmənalı yozulsun və belə qəbul edilsin. Bizim millətimizin irsi kodumuz var ki, bunlar ailəyə olan münasibətdir. Hər birimiz bunu yadımızda saxlamalıyıq. Artıq 83 yaşım var və görürəm ki, bu milləti nə çökdürə bilər.
Elza, ürək ağrısı ilə deyirəm ki, mən səni belə görmək istəmirəm. Ona görə yox ki, sən etdiklərini mən edə bilmərəm, ona görə ki, sən bu addımlarla, bu düşüncə il özünü gözdən salırsan. Bu da mənim üçün ölümə bərabərdir. Hamı kimi sən də bu cəmiyyətin nümayəndəsisən. Ələlxüsus da sənətkar olaraq bunu duymalı və incələmisən ki, bu millətin adı, namusu, davranışı zərər çəkməsin, onun nüfuzu alçalmasın. Bunu bilə-bilə sən bu millətin namusunu, Vətəninin simasını qorumalısan. Sənə Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini verənin sənin yazılarından xəbəri varmı? Səni gözüyumulu hörmətə təltif etdi. İndi soruşuram ki, hansı təkrar olunmayan işinlə, hansı ustadlığınla, hansı vətəndaşlığınla o vəsiqəni sənə verdilər?”
“Mən çalışırdım ki, onun həyat fəlsəfəsini, sənətini başa düşüm. Bu günə qədər düşünürdüm ki, qadın xeylağıdır. İlk dəfə bir müğənni kimi mənə üz tutdu. Onda qadağada idim deyə o, çox əziyyət çəkdi. Təbii ki, oxuya bilməzdim. Mən onun ilk üz tutduğu müğənnisi idim. İndi isə o məni ittiham edir ki, “Flora Kərimova dekolte geyinib”. Qoy, bu, onun vicdanına qalsın, mən tamaşada belə geyinməli idim və heç vaxt şəxsi həyatımda şouya yol verməmişəm.
Mən Azərbaycan dilini yaxşı bilməyə bilərəm, amma mən Azərbaycanın genetik kodunu, varlığını pozmamışam. Mənim onunla davam da budur. Əslinə qalsa, dava da deyil, məsləhətdir ki, bunu etməsin. Elza, demokratiya azad münasibət deyil, demokratiya davranışın insanlararası münasibətin Konstitusiyasıdır” – deyə o, əlavə edib.
Müsahibimiz deyir ki, E. Seyidcahan onu məhkəməyə verməklə hədələyib:
“Elza məni məhkəməyə verəcəyini dedi. Mən də islanmışın yağışdan nə qorxusu demişəm. Maraqlıdır, məhkəmə mənə nə deyəcək?! Mən “Yollar Görüşəndə” tamaşasında idim, orada rolum var idi. Həmin tamaşadan 45 il vaxt keçib. Elza məndən üzr istəyib artıq. Təki bütün davalar sülhlə yekunlaşsın”, – deyə Xalq artisti fikirlərin yekunlaşdırıb.