29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Rahat ölüm”, yoxsa qeyri-humanist seçim?

15 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Ekvadorda evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) qanuniləşdirilib. Xarici medianın yaydığı məlumata görə, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar verib. Bildirilib ki, qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın ərizəsindən sonra verilib. Bu müddət ərzində isə o, süni tənəffüs aparatına qoşulub. Artıq ölkənin Səhiyyə Nazirliyinə evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Məlumat üçün qeyd edək ki, evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz bu ölkədə açılıb. Evtanaziya ən çox 20-ci əsrin birinci yarısında Avropa ölkələrində tətbiq olunub. Ağır xəstəliyə tutulanlar əzablardan can qurtarmaq üçün evtanaziyanı seçiblər. İkinci dünya savaşına qədər bir sıra Avropa ölkələrində bu, hətta dəb halına gəlib.

Həyatına evtanaziya vasitəsilə son verən məşhurlar sırasında filosof Ziqmund Freyd də var. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da evtanaziya ilə bu dünya ilə vidalaşıb. ABŞ-dən olan erməniəsilli həkim Cek Gevorkyan isə 130 nəfəri evtanaziya edərək insanlıq tarixinə “ölüm həkimi” kimi düşüb.

Evtanaziya Belçika, Lüksemburq, Niderland, Portuqaliya, Kanada, Kolumbiya, Yeni Zelandiya, İspaniya, İsveçrə, Avstraliyada da leqallaşdırılıb. ABŞ-nin isə bir neçə ştatında qanunlar evtanaziyaya icazə verir. Digər ştatlarda bu, ağır cinayət hesab olunur və 25 ilə qədər həbslə cəzalandırılır. Azərbaycanda da qanunlar evtanaziyanı qadağan edir. Bəs İslamda buna münasibət necədir? Sağalmaz xəstəlikdən, müxtəlif ağrılardan əziyyət çəkən insanın “rahat ölmək”, canını qurtarmaq istəyinə ümumilikdə dinlər necə yanaşır?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı alim Elvüsal Məmmədov bildirib ki, İslamda evtanaziya haram hesab edilir. Alim qeyd edib ki, şəriətə görə, insan həyatı ona bir əmanətdir və o qorunmalıdır: “İnsan özünü yaratmayıb və ölüm ixtiyarının da sahibi ola bilməz. Həyat insana Allah tərəfindən bəxş edilib və əmanətimiz ona aiddir. İnsanın canını qoruması İslam şəriətində beş məqsəddən biri kimi təqdim olunur. Yəni, din insana onun canını qoruması üçün göndərilib. Bu baxımdan, İslamda intihar haram hesab olunur. Evtanaziyada insan özünün öldürülməsini istəyir ki, bu da intihar deməkdir. “Qurani-Kərim”in “Ən-Nisa” surəsinin, 29-cu ayəsində insanların özünü öldürməməyə dair açıq şəkildə müraciət olunub”.

İlahiyyatçı E.Məmmədov vurğulayıb ki, xəstənin istəyinə əsasən, hər hansı həkim onun həyatına son qoyarsa, İslam hüququnda bu, cinayətdir: “Qurani-Kərim”in “Əl-Ənam” surəsinin 151-ci ayəsində qeyd olunub ki, Allahın haram buyurduğu cana qıymayın. Peyğəmbərimiz də ağrı-acı, iztiraba görə ölümü arzulamamağı söyləyib. İslamda bunun günahı böyükdür. İnsanın çəkdiyi ağrı-acı onun günahlarından təmizlənməsi üçün bir vasitədir. Buna şəriətdə “Kəffarə” deyilir. Ümumiyyətlə, İslamın bu məsələdə görüşü odur ki, həyatın sahibi insan deyil. Odur ki, həyatı idarə edib-etməmək və kimisə yaşadıb-yaşatmamaq baxımından insan ixtiyar sahibi hesab olunmur”.

Alimin sözlərinə görə, İslam dini insan xəstəliyə məruz qaldığı zaman müalicəni zəruri hesab edir: “Din canın insana əmanət olunduğunu nəzərə alaraq, müalicəni vacib bilir. Biz xəstəliyə düçar olduğumuz zaman müalicə almalıyıq və əmanətimizə sahib çıxmalıyıq. Unutmaq olmaz ki, evtanaziya insanın hər şeyə, hətta öz canı üzərində ixtiyar sahibi edən “modern” insan təfəkkürünün məhsuludur. Belə insanlar özünü hər şeydə tanrı hesab edir. Buna görə də, Qərbdə insan həyatına son qoyan qeyri-humanist seçimlər meydana çıxıb”.

ADA Universitetinin professoru, şərqşünas-alim Nəriman Qasımoğlu isə Medianews.az-a bildirib ki, nəinki İslamda, ümumiyyətlə, bütün dinlərdə evtanaziya yaxşı hal kimi qəbul edilmir. Alimin sözlərinə görə, hətta belə yanaşma buddizmdə də var: “Buddizmə görə, insan öldüyü zaman başqa şeylərdən imtina edir. Buddizm dinində insan öldükdən sonra yenidən doğulması və əməllərinə görə yeni bir həyatın onlara verilməsi və sair bu kimi inanclar var. Bu da onlardan evtanaziyanı uzaq tutur. İslam dinində isə Allahdan ümidini üzməmək nəzəriyyəsi əsas götürülür. Bunu nəzərə alsaq, evtanaziyanın doğru yanaşma olmadığını görərik. Çünki, bununla insan Allahın insana verdiyi həyata özü qəsd edir. Dində belə bir hal böyük günah hesab olunur. Hər bir halda insanın özünü qətl etməsi dində qadağan olunur”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur