20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım mərasimi keçirilib. Mərasimdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
Səfirlikdən Publika.az-a bildirilib ki, əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirib, 34 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən danışıb. Həmçinin Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Səfir, qanlı Yanvar faciəsinin tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu deyib.
Faciənin baş verdiyi dövrə nəzər salan səfir M.Əliyev, o dövrün gərgin ictimai-siyasi hadisələrindən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb, faciəni törədənlərin məqsədinin Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək istəyi olduğunu vurğulayıb.
M.Əliyev şəhidlərimizin qanının yerdə qalmadığını, müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsi nəticəsində düşməndən azad etdiyini, bu şanlı Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını qürur hissi ilə vurğulayıb.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanat Qətər XİN-ə və ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərilib.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.