Bakıda piyadanı maşın vurdu
Artıq ikinci ildir 31 mart soyqırımı qurbanlarının xatirəsini dövlət suverenliyimizin bütün ölkə ərazisində tam bərqərar, Ermənistanın, dünya erməniliyinin “Miatsum” xəyallarının və separatizminin məhv edildiyi, işğaldan azad olunmuş ərazilərimizin dirçəldildiyi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarında yeni tikilmiş evlərə köçürüldüyü bir şəraitdə anırıq. Bu möhtəşəm hadisələr ilə 31 mart soyqırımı qurbanlarının da ruhu şaddır. Ancaq qazanılan tarixi qələbə keçmişimizin acı səhifələrini unutmamağı, xatırlamağı və nəticələr çıxarmağı zəruri edir. Elə isə 1918-ci il 31 mart hadisələri necə olmuşdur və alınacaq ibarət dərsləri nələrdir?
Soyqırıma qədərki tarixi şəraitə qısa baxış
Birinci Dünya müharibəsinin gedişində Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Müharibənin sonlarına yaxın - 1918-ci ilin mart-aprel aylarında yaranmış mürəkkəb şəraitdən istifadə edən erməni-daşnak və Bakıdakı bolşevik hakimiyyəti azərbaycanlı əhalini qırğınlara, soyqırıma məruz qoydular. Bu zaman anarxiyanın hökm sürdüyü Cənubi Qafqazda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri aclıq və səfalət içərisində olduqlarından yol boyu Azərbaycan kəndlərini talan edir, Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Silah-sursat ermənilərə və Bakıdakı bolşeviklərə verilmişdi.
Kütləvi qırğınların coğrafiyası geniş idi. Əgər bu vaxta qədər qanlı hadisələr Şərqi Anadoluda törədilmişdisə, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında, indiki Ermənistan Respublikası ərazisində, Cənubi Azərbaycanda, Tiflis quberniyasının Borçalı qəzasında və müasir Azərbaycan Respublikası ərazisində həyata keçirildi.
Erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu.
Soyqırımın səbəbləri
Soyqırımın törədilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq çarizm Xəzər dənizinin şimal sahillərini, həmçinin Bakını işğal edib tərkibinə qatmaqdan ötrü guya Bakıda Azərbaycanın digər yerlərindən fərqli mədəniyyətin olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri də məqsədli şəkildə dövriyyəyə buraxılmışdı. Türk boğazlarına yiyələnib isti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm təkcə demoqrafik şəraiti dəyişdirmədi, eyni zamanda onları Şərq siyasətində bir vasitəyə çevirdi. Həmin siyasəti 1917-ci ilin fevralında çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, oktyabr ayında hakimiyyətə gələn bolşeviklər davam etdirdilər. 1917-ci ilin noyabrında Bakıda S. Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V. İ. Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Onların hər ikisi türk torpaqlarında yerləşirdi. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Heç əbəs deyildir ki, 1918-ci il mart ayının ikinci yarısında V. İ. Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R. Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu – neft, işıq və enerjidir", – deyə cavab vermişdi.
Əlverişli coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət qazanmağa imkanı verər, Tiflisdə fəaliyyət göstərən antibolşevik Transqafqaz Komissarlığının süqutuna kömək edərdi.
Bakıya yiyələnmək Xəzər dənizinə, Şimali Qafqaza və “dünyanın ürəyi” olan Avrasiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda soyqırımın səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.
Soyqırımın digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunu buraxmamaqdan ötrü Bakı və Bakı quberniyasını yerli əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin təqribən 3 milyon nəfərini türk, müsəlmanlar təşkil edirdi.
Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bunun da başlıca səbəbi çarizmin türk, müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.
Bəhanə
Soyqırım üçün bəhanə də tapıldı. Müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini "Evelina" gəmisi ilə Bakıya dəfn olunmaq üçün gətirən bir qrup zabit və əsgərinin Bakı Sovetinin hərbçiləri tərəfindən tərksilah edilməsinə etirazdan S.Şaumyan bəhanə kimi istifadə etdi. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsələr də nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar uğursuz olduqda yerli əhali küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Heç bir sosial dayağı olmayan, yalnız silaha arxalanan S. Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Soyqırımın həyata keçirilmə üsulları
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun, Erməni Milli Şurası, erməni kilsəsi və ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S. Şaumyan bu hadisə ilə bağlı olaraq yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksütyunun 3-4 minə qədər olan milli hissələri də bizim sərəncamımızda idi. S. Şaumyan yazırdı ki, Daşnaksütyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan yayınmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik, çünki əgər onlar Bakıda qələbə qazansaydılar şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi.
Soyqırımı xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar...”
Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. "Açıq söz", "Kaspi" qəzetlərinin redaksiyaları, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan, fəaliyyətini bütün Cənubi Qafqaza yaymış və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlardan ziyan görən insanlara kömək edən Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur olsalar da onların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin əvvəllərində dayandırıldı.
Soyqırımın nəticələri: avropalılar və amerikalılar nə dedilər?
Bakıda törədilən soyqırımın ağır nəticələri oldu. Sonralar ABŞ-ın Ceyms Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla Sovetin qələbəsi ilə nəticələndi.
ABŞ tədqiqatçıları C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.
Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər.
İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda azərbaycanlı əhalinin dörddə biri öldürüldü. Dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda təqribən 280-300 min nəfər əhali yaşayırdı. Onun təqribən 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində şəhərə yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələri ilə eyniyyət təşkil edir.
Azərbaycan mənbələrində nə yazılır?
Müxtəlif siyasi cərəyanların maraqlarını əks etdirən Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumatlar vardır. Partiya mənsubiyyəti baxımından bolşevik, S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetində şəhər təsərrüfatı xalq komissarı vəzifəsində işləyən N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş "Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır?" adlı məqaləsində aşağıdakıları etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”.
N.Nərimanov 1919-cu ilin fevralında yazdığı "Biz Qafqaza hansı şüarla gedirik?" və "Qafqazın işğalına baxış" adlı məqalələrində vurğulayırdı ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi qırmışlar. Digər mənbələrə əsasən mart ayında yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdür.
Soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılar məhv edildilər. ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
Soyqırımı törədənlər istəklərinə çatdılarmı?
Soyqırımın törədilməsində başlıca məqsəd Azərbaycanın muxtariyyətinin, müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar Azərbaycan xalqının iradəsini qıra və istəklərinə nail ola bilmədilər. Bu hadisələr Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsini ləngitsə də istiqlal mübarizəsini dayandıra bilmədi. Bir neçə ay sonra - mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə Azərbaycan xalqı gətirdi, ona müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı torpağının və taleyinin sahibi oldu.
Azərbaycanın verdiyi qiymət
Cümhuriyyət hökuməti bu hadisələrin təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri törədilən ağır cinayətləri araşdırdılar. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı və vəsait ayrıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırıma və bir əsrdən artıq davam edən Azərbaycan torpaqlarının işğalı prosesinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu işin başa çatdırılmasına imkan vermədi.
Baş verən hadisələr sovet dövründə tarixçilikdə vətəndaş müharibəsi kimi qələmə verildi və gerçək mahiyyəti itirilməyə çalışıldı. Həqiqətlərin üzə çıxarılmasında ilk addımlar yalnız 80-ci illərin sonlarından etibarən atılmağa başlandı, məqalələr və kitabçalar yazıldı.
Soyqırımına ilk qiyməti Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyev verdi. 1998-ci il 26 mart tarixli Prezident sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi.
Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da bolşevik işğalı bu niyyətin gerçəkləşdirilməsinə mane oldu. Sonralar 1990-cı il 20 yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin dəfn edildiyi və Şəhidlər xiyabanı adlandırılan həmin ərazidə Əbədi məşəl abidə kompleksinin ucaldılması haqqında Prezident Heydər Əliyevin 1998-ci il 5 avqust tarixində sərəncamına uyğun olaraq tikilən kompleks oktyabrın 9-da açıldı.
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən Əbədi məşəl abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü.
Şəhidlər xiyabanını ziyarət etmək dövlət protokoluna daxil edilib. Ölkəmizə səfərə gələn rəsmi nümayəndə heyətləri 31 mart soyqırımı qurbanlarının, 20 yanvar şəhidlərinin və Birinci Qarabağ müharibəsində həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanına baş çəkib xatirələrini yad edirlər.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin “hücum diplomatiyası” xəttini elan etməsindən sonra görüldü. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun müstəsna əhəmiyyət daşıyan fəaliyyəti vardır.
Alacağımız ibrət dərsləri
Azərbaycanlılara qarşı törədilən soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından lazımi ibrət dərsləri alınsaydı 31 mart hadisələri olmaya və ya az itkilərlə ola bilərdi. Əgər 31 mart düzgün bilinsəydi, ondan doğru nəticələr çıxarılsaydı və dövlətimiz güclü olsaydı, 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı da olmazdı.
Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmamasından ötrü millətimiz öz tarixini yaxşı bilməli, dövlətimiz və millətimiz daim güclü olmalıdır.
Musa Qasımlı,
Milli Məclis Sədrinin müavini