Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya prezidenti Vladimir Putinin cəbhədəki vəziyyətlə bağlı mövqeyi Vladimir Zelenskinin “şərhindən” çox fərqlidir.
Publika.az xəbər verir ki, Macarıstan hökumətinin başçısı “sülh missiyası” ilə etdiyi səfərlərdən sonra Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqı liderlərinə məktub yazıb. Məktubun mətni “Ukrayinska Pravda” nəşrində çap olunub.
Qəzet Orbanın Rusiyaya səfəri zamanı Putinlə Ukrayna böhranının həlli variantlarını müzakirə etdiyini, lakin Brüssel adından təklif və ya fikir irəli sürmədiyini vurğulayıb.
Macarıstanın baş naziri məktubunda qeyd edib ki, Rusiya liderinin cəbhədəki vəziyyətə münasibəti Zelenskinin sözlərindən əhəmiyyətli dərəcədə fərqlənir.
"Putin heç bir şəkildə Rusiyanın itkilərini qeyd etməyib. Ukrayna itkilərinə gəlincə, Rusiya tərəfi Ukrayna qüvvələrinin aylıq itkilərini 40-50 min əsgər səviyyəsində qiymətləndirir və son həftələrdə bu itkilər daha da artıb. Buna görə də müvəqqəti atəşkəs təklifini rədd etməsinə təəccübləndim”, - Orban qeyd edib.
Baş nazir əlavə edib ki, Rusiya prezidenti atəşkəsi nəzərdən keçirməyə hazırdır, lakin müəyyən şərtlər daxilində. Beləliklə, atəşkəs Ukrayna Silahlı Qüvvələrinin yenidən yerləşdirilməsi və yenidən təşkili üçün əsas olmamalıdır. Bundan əlavə, şərtlər, xüsusilə beynəlxalq təhlükəsizlik zəmanətləri ilə bağlı 2022-ci ildə İstanbul danışıqlarında olduğu kimi qalmalıdır.
Cəmilə