Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İsmayıl Zülfüqarov 16 yanvar 1959-cu il tarixində İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub.
2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Pusan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib. Eyni zamanda Rusiyanın Yakutsk vilayətində yerləşən Şimal-Şərq Federal Universitetində mühazirələr oxuyub. Cənubi Koreyanın Pusan Milli Universitetində 17 il tədqiqatçı-professor olub.
İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.
İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.