“Numbeo” tədqiqat qrupunun bu günlərdə dərc etdiyi dünya ölkələrinin 2025-ci il üzrə təhlükəsizlik indeksi (“Safety Index by Country 2025”) hesabatında Ermənistan ən təhlükəsiz 10 ölkə siyahısına daxil edilib. İlk sıralarda Tayvan, Oman, Man Adası və Yaponiya yer alıb. Ermənistan 77,9 balla 8-ci yerdə qərarlaşıb. Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstan isə 21-ci, Azərbaycan 33-cü, Rusiya 51-ci, Türkiyə 57-ci, İran 93-cü yerdə göstərilib. Siyahıda sonuncu yerləri Haiti, Papua Yeni Qvineya və Venesuela tamamlayır.
Göründüyü kimi son illərdə davamlı ictimai-siyasi sabitliyin pozulduğu, iğtişaşların və gərginliklərin baş verdiyi Ermənistan Sinqapur, Yaponiya kimi Asiyanın ən sabit ölkələri, həmçinin, Avropa Birliyinin Monako, Estoniya, Danimarka, Çexiya, İsveçrə, İsveç, Finlandiya, Polşa, Avstriya kimi stabil dövlətlərinə nisbətən daha təhülkəsiz dövlət kimi dəyərləndirilib. Həmçinin, 2024-cü ilin noyabr-dekabr aylarında kütləvi iğtişaşlar və vətəndaş qarşıdurmaları ilə siyasi sabitliyin pozulduğu Gürcüstanın regionun ən təhlükəsiz ölkələrindən, həmçinin, Azərbaycanda öndə yerləşdirilməsi ciddi şübhələrə yol açır.
Azərbaycan mediası bu xəbəri araşdırma aparmadan təqdim edib:
Ermənistan mediasının sevincini başa düşmək olar:
QÜTB.AZ xəbər verir ki, Faktyoxla Lab. “Numbeo”-nun açıqladığı reytinq cədvəlindəki anlaşılmazlığı araşdırıb.
Əvvəla qeyd edək ki, “Safety Index by Country 2025” hesabatı paralel olaraq “Ölkələr üzrə Cinayət İndeksi 2025” (“Crime Index by Country 2025”) qiymətləndirməsinə əsaslanır. Belə ki, dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi cinayət indeksi əsasında tərtib edilir. Yəni, hər iki sub-indeks əsasında təhlükəsizlik reytinqi müəyyən edilir.
Bu baxımdan ölkələrin təhülkəsizlik üzrə reytinqi birbaşa kriminoloji vəziyyətin təhlilinə əsaslanır. Həmin indekslər isə ölkədə ümumi cinayət nisbətinə əsasən müəyyən edilir.
Reytinqdə şəhərlərin adlarınınn sıralanmasına diqqət yetirən əksər sosial media istifadəçiləri təəccüblərini gizlətmirlər. Məsələn, bir istifadəçi yazır ki, narko-ticarətin mərkəzi sayılan Kolumbiyanın Medelin şəhərində cinayətkarlıq səviyyəsinin London, Paris və Mexiko şəhərlərindən aşağı olması nəinki təccüblü, hətta gülməlidir.
Saytın əməkdaşlarının reytinq indeksinin formalaşması ilə bağlı açıqlamasında qeyd olunur ki, “ən təhlükəsiz ölkə” və ya “ən kriminogen şəhər” bölmələrində olan göstəricilər saytın isləyicilərinin verdiyi məlumatlar və səslər əsasında formalaşır. “Sorğunun sualları bir çox elmi və dövlət soruğlarına oxşar tərtib olunur” deyilən açıqlamada əlavə edilib ki, rəylər (-2)-(+2) diapozonunda qiymətləndirmə ilə tərtib edilir. (Müvafiq olaraq ən neqativ qiymət -2, ən yüksək qiymət +2 ilə qiymətləndirilir).
Sorğuda “Axşam vaxtı şəhərdə gəzməyi təhlükəsiz hesab edirsiniz?” və ya “Avtomobilinizin oğurlanacağından ehtiyat edirsiniz?” sayaq primitiv və peşəkar sorğu sisteminə uyğun olmayan suallar verilir.
Bundan başqa, sorğuda çox az sayda respondentin iştirak etdiyi məlum olur və bu böyük şəhərlər haqda fikir formalaşdırmaq, reytinq cədvəli tərtib etmək üçün yetərli deyil. Misal üçün, London kimi meqapolisə qiyməti son 5 ildə cəmi 1322 nəfərin rəyi əsasında çıxardıblar. Cənubi Afrika Respublikasının paytaxtı Yohanesburq üçün 833, Kolumbiyanın əyalət şəhəri olan Medelin üçün 232 nəfər səs verib.
Yohanesburq reytinq cədvəlində ən aşağı qiymət alan şəhərlərdəndir. Mütəxəssislər bildirirlər ki, bu şəhərdə faktiki cinayətkarlıq göstəriciləri digər əyalət və şəhərətrafı rayonlardan çox aşağıdır.
Sosial media istifadəçiləri güman edirlər ki, bu saytın marketinq siyasətidir. Bununla həm kütləvi oxucu cəlb edir, həm də reklam bazarı formalaşdırırlar.
Arayış. “Numbeo”- Serbiyanın “istehlakçı qiymətləri”, “daşınmaz əmlak bazarı” və “həyat keyfiyyəti” haqda məlumat bazalarını toplayan kraudsorsinq şirkətidir. 2009-cu ildə “Google”-un keçmiş əməkdaşı Mladen Adamoviç tərəfindən yaradılıb.
2012-ci ildən Adamoviçin rəhbərlik etdiyi “NUMBEO DOO Beograd-Palilula” MMC-nin tərkibinə keçib. Adamoviç saytın gəlirlərinin reklamdan və APİ-yə abunələrdən formalaşdırıldığını bildirib.
Kroudsorsinq internetdən "işi kütləyə həvalə etmək" mənasını verən onlayn biznes növüdür ki, ilk dəfə 2006-cı ildə Wired nəşrinin redaktorları Cef Hove və Mark Robinson tərəfindən işlədilib.
Şirkətin sorğuları barədə açıq mənbələrdə bildirilir ki, sorğular istənilən istifadəçi tərəfindən bir neçə dəfə cavablandırıla və dəyişdirilə bilər. Bu zaman saytın əməkdaşları heç bir faktı yoxlamır, redaktə etmir və dəyişmirlər.
Bunda başqa şirkətin əməkdaşları faktları şirkətlərin saytlarından ( reklam vericiləri də ola bilər, heç bir qadağa yoxdur-red.) və rəsmi mənbələrdən manual formada 6 aydan bir toplayır, yekunda ilk göstəricilərlə, son göstəricilərin orta qiymətinı çıxardaraq elan edirlər.
Bütün bunlara baxmayaraq, sayt, BBC, New York Times, Bloomberg, FranceTV və digər dünyada tanınmış xəbər agentlikləri tərəfindən istinad olunması ilə fəxr edir.
İndi isə “Cinayətkarlıq indeksi”nin formalaşdırılması barədə. Bildirək ki, saytın bu bölümündə formalaşdırılan reytinq cədvəli mütəxəssislər tərəfindən kəskin tənqid olunub. “Frans Press”-in “faktyoxla” bölməsində 2021-ci ildə dərc olunan məqalənin başlığı “Avropanın ən kriminal şəhərləri” reytinqdindən ehtiyatlı olun”dur.
“Frans Press”-in bu məqaləsi “Numbeo”-nun subyektiv anket sorğularını ifşa edən yeganə mənbə deyil.
2017-ci ildə dünyada ən aşağı kriminal göstəricilərə malik olan İsveçin Lund şəhəri “Numbeo”nun reytinqində ən kriminogen şəhər kimi göstərilib. Günahkar isə isveçli Linus Trulssondur.
Bu necə baş verib? Linus Trulsson saytın saxta reytinq cədvəlini ifşa etmək üçün hər gün, gün ərzində bir neçə dəfə öz doğma şəhərinə neqativ qiymət verib və kriminogen durumu olduqca aşağı olan Lund şəhərini Karakas (Venesuela), San Pedro-Sula (Honduras) şəhrələrini də geridə qoyaraq “Numbeo”-nun dünyanın ən təhlükəli şəhərləri sırasında birinci yerə çıxmasına “yardımçı” olub. O, bu haqda fikirlərini media belə açıqlayıb: “Numbeo”-nun reytinq cədvəli adi istifadəçilərin formalaşdırdığı rəylərin icmalıdır, bu statistika deyil. Dünyanın istənilən nöqtəsində olan istənilən şəxs bu reytinqə gün ərzində anonim olaraq bir neçə dəfə təsir edə bilər. Necə ki, mən Lund şəhərini bir günün içində ən krimiinogen şəhərə “çevirə” bildim”.
Oxşar hadisə İngiltərənin Bredford şəhəri ilə bağlı baş verib. Qeyd edilən şirkətin 2022-ci ildə açıqlanan “ən təhlükəli kriminogen şəhər” reytinqində İngiltərənin Bredford şəhərinin ilk yeri tutması ciddi müzakirələrə səbəb oldu, sosial media “virusuna” çevrildi.
İngiltərənin digər şəhəri Koventrinin “ən təhlükəli şəhərlər” siyahısında 2-ci yerə çıxması həm medianı, həm də polisi hövsələdən çıxardı. Polis davamlı açıqlamaları, media isə müzakirələri, açıqlamaları, araşdırmaları ilə gündəmi zəbt etdilər
Hərçənd İngiltərənin bu iki şəhərinin reytinqdə kriminogen durumu ağır olan şəhərlər sırasında ilk yerləri tutmasında kimlərin fasiləsiz çalışdığını dəqiqləşdirə bilməsək də, burada da isveçlinin metodologiyasının işlədiyinə şübhəmiz yoxdur.
2022-ci ildə sosialoq David Vaynberqer “Numbeo”nun bu metodologiyasını sosialogiya elmi baxımından yararsız və mənasız olduğunu bildirmişdir.
“Frans Press”-in fakt-yoxlayıcılarının Numbeonun cinayət statistikasının etibarlılığı ilə bağlı suallarına cavab verən mütəxəssislər saytın informasiyalarının yalan və qərəzli olması fikrində olublar.
Beləliklə,
- “Numbeo”nun açıqladığı “dünyanın ən kriminogen və ən təhlükəsiz şəhərləri” illik reytinq cədvəli subyektivdir, heç bir sosioloji, əsalandırlımış metodologiyaya əsaslanmır.
- "Numbeo” reklamdan və abunəçilikdən gəlir əldə edən Serbiyadan idarə olunan adi kroudsorsinq şirkətidir və heç bir rəsmi xarakter daşımır.
Mövzuya əlavə: Ermənistan hansı göstəricilərinə görə ən təhlükəsiz 10 ölkə sırasına daxil edilə bilər?
Ermənistanda kriminogen vəziyyətə nəzər salaraq, hesabatın hansı dərəcədə ədalətli olub-olmamasını ayırd etməyə çalışaq.
Ermənistanın rəsmi dövlət orqanlarının açıqladığı məlumatlardan aydın olur ki, son 3 ildə bu ölkə cinayətkarlıq səviyyəsinin həyəcanverici artımı ilə üzləşib və ən aktual sosial problemlərindən birinə çevrilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətlərin sayı əvvəlki illərlə müqayisədə 25 faiz artıb ki, bu da müxtəlif amillər, o cümlədən hüquq-mühafizə orqanlarında islahatların kifayət qədər aparılmaması, məhkəmə-hüquq sisteminin səmərəsiz fəaliyyəti və sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədardır. Oğurluq və qətl kimi zorakılıq cinayətlərinin sayı artmaqda davam edir. 2024-cü ildə əvvəlki illə müqayisədə 13 faiz artımla 170 qətl hadisəsi qeydə alınıb. Oğurluqlar 15 faiz artaraq 1200-ə çatıb ki, bu da zorakılıq cinayətləri ilə bağlı vəziyyətin pisləşdiyini göstərir.
Hakimiyətin öz siyasi rəqiblərinə qarşı amansız rəftarı, qeyri-demokratik mübarizə üsullarından geniş istifadə və bu proseslərdə hüquq-mühafizə orqanlarının gücünə arxalanaraq siyasi sabitliyi qorxu və güc altında qorumaq Ermənistanın xarakterik idarəçiliyini əks etdirir. Ölkədəki ictimai təşkilatlar da qeyd edirlər ki, Ermənistan hakimiyyəti, məhkəmə və hüquq-mühafizə sistemləri cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, müxalifətlə mübarizəyə daha çox yer verir ki, bu da kriminogen durumu daha da kəskinləşdirir. istinad
2024-cü ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə Ermənistanda xüsusilə ağır cinayətlərin sayı 17,2 faiz artıb. Baş prokuror Anna Vardapetyan sözlərinə görə, ağır cinayətlərin tərkibində fiziki zor tətbiqetmə halları daha çox qeydə alınıb.
Baş prokuror bildirib ki, törədilən cinayətlərin 80 faizini ağır cinayətlər təşkil edir. Ölkədə silahlı ağır cinayətlərin sayının artması narahatlıq doğurur və ölkədə silahlı cinayətlərin statistikası sabitliyə təhdid yaradır. istinad
Ölkədə kütləvi adam oğurluqları (xüsusən də qadın oğurluğu) cinayətləri durmadan artır. istinad
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2024-cü ilin birinci yarısında (illik məlumat hələ açıqlanmayıb) uşaq oğurluğu və uşaqlara qarşı cinayətlərin sayı artaraq daha ağır sosial hadisəyə çevrilib. 6 ayda uşaqlara qarşı 1032 cinayət qeydə alınıb, onların sırasında fiziki və cinsi zorakılıq, oğurluq və uşaq alveri hallarında da çoxalma hiss olunur.
Şəhərin mərkəzində günün günorta çağı müxtəlif cinayətkar dəstə uşaqları avtomobilə mindərərək oğurluq edir və bu hadisə adam oğurluğunun adi hala çevrildiyini göstərir. Bu cür hallar paytaxtın digər yerlərdində də qeydə alınıb. Eləcə də kənar ərazilərdə azyaşlı uşaqları qəbiristanlığa aparılaraq fiziki zorakılıq edilməsi, zorlama və s. hallar qeydə alınmaqdadır.
Ermənistanda kriminogen durumun ağırlığını, qeyri-sabit ictimai vəziyyəti təsvir edən mənzərələrdən biri ölkədəki ağır cinayətkar şəbəkənin hakimiyyət orqanlarına qarşı terror planları hazırlamasıdır. Vaxtilə Azərbaycanın Qarabağ bölgəsində gizlənmiş terror qruplaşması Azərbaycanın apardığı anti-terror tədbirləri nəticəsində ərazilərimizdən qaçdıqdan sonra Ermənistana çığınaraq orada öz fəaliyyətlərini davam etdiriblər. Ermənistan mediasında həmin şəbəkənin İrəvanda hakimiyyəti ələ keçirmək üçün planlar hazırladıqları barədə yazılar dərc olunub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar dəstənin planı ifşa edilib, 30-a yaxın cinayətkar axtarışa verilib.
Ermənistanda 2024-cü ilin ortalarında baş verən ictimai-siyasi gərginliklər fonunda baş vermiş pozuntular və cinayətlərə dair yüzlərlə faktlar mövcuddur. Keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi mitinq və aksiyalar zamanı İrəvanın “Respublika meydanı”nda və ölkənin digər ərazilərində pul və rüşvətlə ələ alınan vətəndaşların törətdikləri iğtişaşların vurduğu zərərlərə dair Ermənistan İstintaq Komitəsi cinayət işi açıb. Həmin proseslərdə etiraz aksiyalarının iştirakçılarının 5000 dram (15 dollar) müqabilində hakimiyyətə qarşı fiziki zorakılıqlar törətmək üçün cəlb ediliblər.
Ölkədə xarici turistlərə qarşı zorakılıq, ölüm halları, soyğunçuluq və aldadılaraq başqa işlərə, narkotik alverinə, qadın turistlərin fahişəliyə cəlb olunması, turistlərin oğurlanaraq sonradan ailəsinə satılması faktları kəskin artıb. Təkcə, 2023-cü ildə 100-dən çox belə cinayət faktı törədilib.
Hindistan vətəndaşının döyülərək öldürülməsi, digərlərinə ağır bıçaq xəsarətlərinin yetirilməsi ictimai sabitliyin təhlükə altında olduğunu göstərir.
Bundan başqa, dələduz dəstələr turistləri soymaq və talamaq üçün müxtəlif üsullara əl atırlar. İrəvan şəhər Baş Polis İdarəsinin Yüksək Texnologiyalar üzrə Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, şəhərin mərkəzində kibercinayətkar şəbəkə tərəfindən yaradılmış “Çağrı mərkəzi”nin fəaliyyəti nəticəsində yüzlərlə xarici vətəndaşın pulları mənimsənilib, onların sırasında turistlər də az deyil.
Ölkədəki fırıldaqçı şəbəkəyə turustləri tələyə salaraq pullarını mənimsəyir, müvafiq orqanlar isə bu hadisələrə araşdırmaqda biganəlik göstərir.
Ölkədə dini dözümlülük, toleranlıq mühiti yox dərəcəsindədir. Dini və irqi mənsubiyyətinə görə, xarici vətəndaşlar təhqir edilir, zorakılığa məruz qalır. Bir müddət əvvəl Təbriz sakini etnik mənsubiyyətinə görə Ermənistanda ölümcül döyülüb. İran vətəndaşı türk olduğu üçün bu vəhşiliyə məruz qalıb.
Qeyd edək ki, iranlı turistlərə qarşı bu cür hallara tez-tez rast gəlinir, bir neçə il əvvəl iranlı turist Ermənistanda asılmış vəziyyətdə tapılmışdı.
Eləcə də Türkiyədən bu ölkəyə səfər edən səyahətçilər davamlı hücumlara məruz qalırlar.
Göyçə gölü ətrafında istirahətə gedən Türkiyəli turistin qarşılaşdığı zorakılıqlar Ermənistanın hətta turizm təşkilatlarının da başqa millətlərə kin və nifrətə rəvac verməsini təsdiqləyir.
Hətta Türk səyahətçilərə qarşı xoşagəlməz rəftar, alçaldıcı ritorika və digər qeyri-insani davranış dövlət qurumları, polis səviyyəsində özünü göstərir.
Hətta Ukraynadan gələn turistlərin polis tərəfindən döyülməsi, digər hallar ölkədə təhülkəsizlik tədbirlərinin təmin edilmədiyini təsdiqləyir.
Bu kimi hallara Avropa və Amerikadan gələn qonaqlara qarşı da rast gəlinir. Mövcud mənzərərinin acınacaqlı olmasından narahat olan baş naziri Nikol Paşinyan turistlərlə bağlı cinayətlərin Ermənistanın imicinə ciddi zərbə vurduğunu xatırladıb.
Ölkədəki ictimai-siyasi sabitliyin pozulması, müxtəlif qüvvələrin etirazlar fonunda dağıdıcılıq hərəkətləri etməsi ölkəyə gələn xarici qonaqları da qorxuya salıb, turistlər ictimai asayişin qeyri-sabit olmasını nəzərə alaraq Ermənistana getməməyə üstünlük verirlər. Bunun nəticəsində turist sayı ötən il azalıb. Ermənistanın Turizm Komitəsinin sədri Lusine Gevorgyan etiraf edib ki, turist axınının azalmasına səbəb müxalifətin mitinqləri ilə bağlıl ictimai sabitliyin pozulması olub.
Ermənistanda millətçilik və antisemitizm də xarakterik cinayətlərin sayının artmasına səbəb olur. Ermənilər İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəni təhqir edir, yəhudilərə qarşı ölüm və digər təhdidlərlə çıxış edirlər. Yəhudilər bu səbəbdən ölkəni tərk edərək Azərbaycana və digər regionlara üz tutmağa məcbur olurlar. İsrailin Diaspor Nazirliyi təhlükələrin ciddiliyini nəzərə alaraq yəhudiləri Ermənistanı tərk etməyə çağırıb.
Ümumilikdə, bu ölkədə müxtəlif motivli cinayətlərin sayı azalmaq əvəzinə durmadan artmaqdadır. Hətta ölkədə elan edilən amnistiyaya baxmayaraq, törədilən cinayətlərin sayında artım müşahidə olunur. Daxili işlər naziri Vahe Qazaryan bildirib ki, əvvəllər elan edilmiş amnistiyalardan sonra 4976 nəfər azadlığa çıxıb, onlardan 1152 nəfəri sonradan yenidən cinayət törədib. Xüsusilə də, silahlı soyğunçuluq, oğurluq, xuliqanlıq, habelə silah-sursat satışı üzrə cinayətlər artmaqda davam edir.
Azərbaycanda 2024-cü ilin yanvar-iyul aylarında (illik hesabat hələ açıqlanmayıb) 18,518 cinayət qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz azdır. Xüsusilə də ağır cinayətlərin sayı 21,7 faiz, əmlak cinayətlərinin 11,4 faiz, oğurluqların sayı 38,9 faiz azalıb. Azərbaycanın hüquq-mühafizə orqanlarının artan imkanları və yerli icmalarla daha sıx əməkdaşlığı, cinayətkar şəbəkələrin ləğvi üzrə səylərin gücləndirməsi nəticəsində bütün motivlər üzrə cinayətkarlığın sayları əhəmiyyətli dərəcədə azalmaqdadır. istinad
Azərbaycandakı güclü ictimai sabitlik multikulturalizmi və tolerantlığı da möhkəmləndirir, respublikamızda dərinləşən və qlobal mühit üçün nümunəyə çevrilən humanitar, munltikultural ənənələrə olan ehtiramın əlaməti olaraq ən yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil olunur. Ölkəmizə səfər edən heç bir xarici qonağa, turistlərə qarşı soyğunçuluq və oğurluq basqınları baş vermir, xaricilərə qarşı dini, irqi və digər ayrı-seçkiliklər qeydə alınmır. Azərbaycan dünyada ən stabil və təhlükəsiz ölkədir, multikulturlaizm və tolerantlıqla bağlı beynəlxaql tədbirlərin, Dini Liderlərin sammitinin, Bakı Prosesinin, digər beynəlxalq konfransların, “Eurovision” musiqi yarışmasının, Formula-1 yarışlarının, Birinci Avropa Oyunlarının, Avropa Futbol Çempionatının yarımfinalının, İslam Həmrəyliyi Oyunlarının, saysız qlobal forumların Bakıya etibar edilməsi təhlükəsizliyin ən yüksək səviyyəfə təmin edilməsinə, ölkəmizdə səyahətçilərə göstərilən xüsusi qonaqpərvərlik və humanizmə, zəruri xidmət çeşidlərinin çevik və dayanıqlı təşkili ilə bağlıdır.
2024-cü ilin sonlarında Azərbaycan 70 min insanın bir araya gəldiyi möhtəşəm COP29 sammitini ən yüksək şəraitdə təşkil etməklə dünya iqlim ailəsində nümunəvi ölkə imicini qazandı. Xarici ölkələrin, o cümlədən Avropa dövlətlərinin rəhbərləri Azərbaycana bu tədbiri ən yüksək səviyyədə keçirməsinə görə, minnətdarlıq etdilər.
Beləliklə, yuxarıdakı rəsmi statistikalar, konkret fakt və rəqəmlərin hər biri təsdiqləyir ki, Ermənistanda ictimai, siyasi sabitlik nəinki yaxşılaşmağa doğru gedib, daha da pisləşməkdədir, ölkədə kriminogen durum daha da ağırlaşır, xarici ölkə vətəndaşlarına qarşı müxtəlif xarakterli cinayətlərin sayı artır.
Bütün bunlar isə “Numbeo” qrupunun hesabatın hazırlanmasında gerçək statistikaya və real vəziyyəti tamamilə təhrif etdiyini təsdiqləyir.
Nəticə: Dünya ölkələrinin 2025-ci il üzrə təhlükəsizlik indeksində Ermənistanın 8-ci yerdə qərarlaşdırılmasə açıq saxtakarlıq və riyakarlıqdır. Sözügedən reytinq-hesabat tamamilə obyektivlikdən uzaqdır.