Seçki öncəsi keçirilən rəy sorğularında keçmiş prezident Donald Trampdan geri qalan Amerika lideri Co Bayden panikaya düşüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist İnqrid Jak "USA Today"dəki məqaləsində bildirib.
Materialın müəllifi qeyd edib ki, Bayden rəqibi Trampdan geri qaldığı ictimai rəy sorğularının səhv olduğunu iddia edərək, yenidən seçilmək planlarından danışır. Onun sözlərinə görə, amerikalı lider bildirib ki, sorğulardakı dinamika onun xeyrinədir, amma media bu barədə yazmır.
Jurnalist hesab edir ki, Ağ Evin tədbirləri prezidentin qeyri-müəyyənliyindən xəbər verir.
Jak vurğulayıb ki, Bayden iqtisadi məsələlərlə bağlı sorğularda Trampa uduzur. Onun sözlərinə görə, bu yaxınlarda keçirilən sorğu Amerika liderinin reytinqinin 36 faizə endiyini göstərib ki, bu da son iki ilin ən aşağı səviyyəsidir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Co Bayden bu vəzifəyə əsas namizədlər hesab edilir.
Adəm Abbaslı