Naxçıvanda qohumunun evinə gizli daxil olmağa çalışan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, hadisə Şərur rayonunun Mahmudkənd kəndində baş verib.
Həmin kənddə yaşayan 1989-cu il təvəllüdlü İsmayıl Babayevin (soyadlar şərtidir) azyaşlı övladı ilə evdə tək olan qohumu Aytəkin Babayevanın evinə gecə saat 02 radələrində daxil olmağa cəhd etməsi barədə polisə müraciət daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, A.Babayevanın atası hadisə baş verən gün səhhəti ilə əlaqədar Türkiyədə olub.
Bunu bilən İsmayıl gecə saatlarında əxlaqsız niyyətini həyata keçirmək məqsədilə A.Babayevanın və övladının olduğu evə daxil olmağa çalışıb və qeyri-qanuni yolla həyətə daxil olub. O, evin pəncərəsinin şüşəsini sındıraraq otağa daxil olmaq istəyərkən A.Babayeva bundan xəbər tutub və qonşuya zəng edərək kömək istəyib. Daha sonra hadisə barədə polisə müraciət edilib.
Şərur rayon Polis Şöbəsində İsmayıl barəsində Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığının pozulması) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinə Şərur rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıla 280 saat ictimai işlər cəzası təyin edilib.
Turqut Seyidov