Qahirədə müxtəlif rəsmlərlə bəzədilmiş, Misirin Qədim Krallığına aid sərdabə aşkarlanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sərdabə Alman Arxeologiya İnstitutunun bir qrup arxeoloqu tərəfindən aparılan qazıntılar zamanı aşkar edilib.
"Araşdırmalar sərdabənin fironların beşinci sülaləsinin sonu və ya altıncı sülalənin əvvəllərinə aid edilə biləcəyini göstərir. Bu məzarlıq Qırmızı Piramida şəhərciyinin sakinlərinə məxsus geniş qəbiristanlığın bir hissəsidir. Böyük əhəng daşından hazırlanmış qapının üzərindəki yazılar sərdabənin sarayda müxtəlif inzibati vəzifələrdə çalışan Seneb-Nebef adlı şəxsə və onun arvadı İduta aid olduğunu göstərir. Bu tapıntını fərqləndirən onun nəfis rənglənmiş bəzəyidir", - deyə arxeoloqlar qrupunun rəhbəri Stefan Seidlmayer bildirib.
Qeyd edək ki, Gizanın cənubunda yerləşən Dahşur nekropolu Qədim Krallığın görkəmli piramida sərdabələri ilə zəngindir. Burada eramızdan əvvəl 2650-ci ildə firon Xeopsun atası Seneferuya aid edilən Qırmızı piramida və Bükülmüş piramida var. Alman Arxeologiya İnstitutunun missiyası 1976-cı ildən Dahşurda aparılan qazıntılarda iştirak edir.