Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Həmsöhbətlər geniş spektrli məsələləri müzakirə ediblər.
Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlıq kontekstində hər iki tərəf həm artıq formalaşmış əməkdaşlıq proqramlarının həyata keçirilməsinin, həm də əlavə istiqamətlər üzrə yeni mərhələnin əldə edilməsinin vacibliyini vurğulayıblar.
Mirzoyan həmçinin Ermənistan-Aİ vizalarının liberallaşdırılması üzrə dialoqun başlanması ilə bağlı yekun qərarın qəbul edilməsinin vacibliyini vurğulayıb.
Qarşıda duran fəaliyyətlərə və gündəlikdə duran vəzifələrə istinad edilib.
Ararat Mirzoyan və Cozef Borrell həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib. O, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.
Sülh müqaviləsi layihəsi üzrə müzakirələri təqdim edən XİN rəhbəri vurğulayıb ki, müqavilə layihəsində əldə olunmuş razılaşmaları əks etdirməklə yekun razılığa gəlmək mümkün olacaq.
Söhbət zamanı Qarşılıqlı maraq doğuran digər məsələlərə də istinad edilib.
Hüseyn İbadlı