Hazırda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) verilən məlumata görə, quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub.
ETX tərəfindən məsələnin araşdırılması məqsədilə Vatsap tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara Vatsap mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.