Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, İrandakı seçkilər barədə nə deyərdiniz?
- Seçkilərin nəticələri tam bəlli deyil, amma ikinci turun olacağı qaçılmaz görünür. “İslahatçı” kimi tanınan Azərbaycan türkü, həm də öz milli kimliyini dərk edən, onunla fəxr edən Məsud Pezeşkianın hansı motivlə edilməsindən asılı olmayaraq, seçkilərə buraxılması özlüyündə mütərəqqi hadisədir. Onun qalib gələcəyinə ümid azdır. Əhalinin əhəmiyyətli bir hissəsi seçki institunun olmasına inanmır, əmindir ki, seçkilərin nəticələri saxtalaşdırılır və buna görə də seçkilərə qatılmır. Azadlıq istəyən fars millətindən olan bir qrup seçici Məsud bəyə ikinci turda səs verə bilər, amma millətçi fars çoxluğu ona səs verməyəcək, digər namizədlər ona qarşı birləşəcəklər, ehtiyac duysalar nəticələrə müdaxilə olunacaq.
Onu qeyd edim ki, Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi. O, Türkiyə və Azərbaycanla İranın münasibətlərini daha üst səviyyəyə qaldıra, Qərblə münasibətləri yumşalda bilərdi. İranda yaşayan xalqlar milli hüquqlarından, ana dilində yazıb-oxumaq hüququndan, mədəniyyətlərini inkişaf etdirmək və yerli özünüidarəetmədən məhrum edildiyi üçün daxildə böyük bir gərginlik var. Məsud bəy bu istiqamətdə də vəziyyəti yumşalda bilər. Onun Təbrizdə keçirdiyi mitinqdə Rəşid Behbudovun “Azərbaycanım” mahnısının səsləndirilməsinin özü belə, böyük siyasi əhəmiyyət daşıyan hadisədir.
İran yuxarıdan tədrici islahatlara getməsə, təəssüf ki, bu ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Hazırda hər şey Ali dini liderin nə dərəcədə müdrik qərar qəbul etməsindən asılı olacaq. İslahatlar yolu, yoxsa inqilaba, qanlı qarşıdurmalara qədər davam…
- ABŞ-dakı namizədlərin debatını necə qiymətləndirdiniz?
- Demokratiya yalnız seçki yolu ilə hakimiyyətin dəyişdirilməsi imkanı deyil. ABŞ-dakı çürümüş və cəmiyyəti parçalamış ikipartiyalı sistem iflasa uğrayıb. ABŞ dünyanın super gücü olduğundan bütün dünya bundan əziyyət çəkir. Orda ənənələr dağılır, cəmiyyət, siyasi sistem özünü yeniləyə bilmir. Tərəflər bir-birinə qalib gəlmək üçün hər şeyi məqbul hesab edir, onların qürurla bəyan etdiyi və təbliğ etdikləri ali dəyərlər ayaq altına atılıb. Xalqın böyük bir hissəsi məhkəməyə yalan danışmış, məhkəmə tərəfindən cinayət törətməsi təsdiqlənmiş şəxsi prezident seçmək istəyir. Digər tərəf isə tam əldən düşmüş və bunu etiraf edən,amma vəzifədən getmək istəməyən yaşlı bir insanı müdafiə edir .Xalqa reallıqda başqa seçim imkanı tanınmır. Geniş mənada bu demokratiya deyil. Demokratiya - qanunlara, ali bəşəri dəyərlərə sadiq, onları qorumağa hazır olan, şəxsi maraqlarla ölkənin və cəmiyyətin maraqlarını uzlaşdırmağı bacaran toplumun olması deməkdir. Namizədlər seçkiyə qədər dəyişməsə, hər iki şəxs ABŞ-a və beynəlxalq birliyə yaxşı heç nə vəd etmir.