Ağ Evin rəhbəri Co Bayden “rahatlıqla” İsveçrədə Ukrayna üzrə sülh konfransına uçmamaq qərarına gəlib. Çünki o, Kiyevin onu Ukrayna lideri Vladimir Zelenskinin şəxsi maraqları üçün çağırdığını anlayıb.
Publika.az xəbər verir ki, bu barədə dövlətə xəyanətdə şübhəli bilinən Ali Radanın deputatı Aleksandr Dubinski danışıb.
Deputatın Teleqram kanalında ifadə etdiyi fərziyyəyə görə, Zelenskinin ofisi “hər şey yalnız fotoşəkillər və birgə naharla bitərsə, çox məyus olmayacaq”. O qeyd edib ki, Ukrayna hakimiyyətinin ritorikası nümayiş etdirir ki, “onlar orada sülh istəmirlər və bu mövzu haqqında danışmağı planlaşdırmırlar” və sammitin əsas məqsədi “Zelenskinin səlahiyyətlərinin beynəlxalq səviyyədə tanınması” olub:
"Ofisdə (Zelenskinin ofisi - red.) yenə hamını aldatdılar. Yeri gəlmişkən, bunu ilk başa düşən Bayden oldu, o, sakit ruhla Hollivudda pul yığımı tədbirinə (sponsorluq tədbiri - red.) getdi".
Dubinskinin qeyd etdiyi kimi, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron sammitə öz “eskalasiya siyasətinin” uğurunu göstərmək ümidi ilə getsələr də, bu siyasətlə Avropa Parlamentinə seçkiləri uduzdular.
Əgər sammitdən sonra Kiyevdə “şampan içsələr” belə, bu, o demək deyil ki, digər dünya paytaxtlarında tədbirdən sonra “Ukrayna məsələsindən” çıxışı sürətləndirmək barədə qərar qəbul edilməyəcək”.
Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna sammiti keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Rusiyanın konfransa dəvət olunmadığı qeyd olunub. Bunun fonunda bir sıra qeyri-Qərb ölkələri, o cümlədən Çin sammitdə iştirakdan imtina edərək, Moskvasız sülhə nail olmağın mümkün olmadığını vurğulayıb. Bundan başqa, ABŞ prezidenti Co Bayden də iş qrafikinin sıx olduğunu əsas gətirərək sammitə gəlməkdən imtina edib.
Rusiya prezidenti Vladimir Putin, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşü zamanı sammitin danışıqlar üçün olmadığını bildirib. Onun sözlərinə görə, konfrans bir qrup ölkənin öz xəttini irəli sürmək və Rusiyanın maraqlarına və təhlükəsizliyinə birbaşa təsir edən məsələləri öz mülahizələri əsasında həll etmək istəyidir.
Adəm Abbaslı