NATO Rusiya və Belarus sərhədlərinə 30 mindən çox hərbi qulluqçu və minlərlə zirehli texnika yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 20-də milli təhlükəsizlik sisteminin hökumət orqanlarının rəhbərliyi ilə görüşündə bildirib.
“Rusiya və Belarusun bilavasitə yaxınlığında NATO əməliyyatları çərçivəsində NATO və ABŞ-ın birləşmiş silahlı qüvvələrinin 32 minə yaxın hərbi qulluqçusu yerləşdirilib. Bu, min vahiddən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopterdir”, - Lukaşenko bildirib.
Belarus lideri həmçinin qeyd edib ki, kollektiv Qərbin iştahı və fəallığı artacaq, Vaşinqton və onun müttəfiqləri NATO-nu genişləndirməkdə davam edəcəklər.
“Mən sizə lazımsız diplomatiya olmadan düz deyirəm: demək olar ki, bütün Avropa liderləri ABŞ vətəndaşlarına çevrilib. Avropa İttifaqının ərazisində kimin siyasətinin, kimin maraqlarının hökm sürdüyünə şübhə yoxdur”, - Lukaşenko əlavə edib.
Bununla əlaqədar olaraq, Belarus lideri Müdafiə Nazirliyi qarşısında ordunu keyfiyyətcə dəyişdirmək və ölkənin müdafiə sistemini təkmilləşdirmək vəzifəsini qoyub. O, hərbi hissə və bölmələrin döyüş hazırlığına prioritet diqqət yetirilməsinə çağırıb.
Yanvarın 24-də Şimali Atlantika Alyansı Rusiya Federasiyasının sərhədləri yaxınlığında “Sabit Müdafiəçi” adlı irimiqyaslı təlimlərə başlayıb. Onlarda alyansın bütün 32 ölkəsi, blokun bütün qoşun növləri və 90 minə yaxın şəxsi heyət iştirak edir. Bildirilib ki, təlimlər Atlantika və Avropada keçiriləcək və bir neçə ay davam edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hərbi manevrləri şərh edərkən vurğulayıb ki, onlar təxribat xarakterlidir və bütün beynəlxalq təhlükəsizlik sistemlərinin üstündən xətt çəkir.
Cəmilə