29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

LGBT hüquqları, eynicinsli nikahlar...

26 yan 2024 06:00
GÜNDƏM
ads

Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edən Avropa Şurası Parlament Assambleyası bu addımını “Qarabağdan erməni əhalisinin çıxarılması”, təşkilatın seçkilərə dəvət edilməməsi kimi bir neçə iddia ilə əsaslandırsa da, əsas motiv kimi rəsmi Bakını “təməl öhdəlikləri” yerinə yetirməməkdə ittiham edir. Hərçənd, müəyyən iradlar olsa da, Avropa Şurasının hesabatlarında Azərbaycanın demokratik təsisatların inkişafı, söz və media azadlığı, seçki hüququnun qorunması, siyasi plüralizm kimi təməl prinsiplərin təmin edildiyi qeydləri yer alır.

AŞPA-nın hələ 11 il öncə - 2013-cü ildə yayımlanan “Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi” hesabatında rəsmi Bakının demokratik prinsiplərin qorunması və inkişafı istiqamətində Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyi vurğulanırdı. Bununla yanaşı, Azərbaycan və Avropa Şurası arasında mütəmadi olaraq Fəaliyyət Planı icra edilir və burada korrupsiyaya qarşı mübarizədən tutmuş insan haqlarının müdafiəsinə, eləcə də demokratik təsisatların inkişafına qədər əməkdaşlıq öz əksini tapır. “Council of Europe Action Plan for Azerbaijan” adlanan bu proqramlar iki il müddətində həyata keçirilir və iki il ərzində qoyulan hədəflərə çatdıqdan sonra növbəti ikillik proqrama start verilir. Avropa Şurası və Azərbaycan arasında son olaraq, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı qəbul edilib. Orada qeyd olunur ki, “Fəaliyyət Planı Azərbaycan hakimiyyəti ilə sıx məsləhətləşmələr əsasında hazırlanıb və əsasən milli islahatları dəstəkləmək, ölkənin qanunvericilik bazalarını və institutlarını Avropa standartlarına uyğunlaşdırmaq üçün strateji əməkdaşlıq çərçivəsidir”.

Avropa Şurasının rəsmi sənədləri ilə Azərbaycana qarşı “öhdəlikləri icra etmir” ittihamlarını müqayisə edəndə ortaya iki nəticə çıxır:

Birincisi, AŞPA-da Avropa Şurasını təkzib edirlər, çünki təşkilatın rəsmi sənədlərində Azərbaycanın irəli sürülən öhdəliklərə və prinsiplərə əməl etmək istiqamətində çalışdığı əks olunur;
İkincisi, AŞPA Azərbaycan “öhdəliklərə əməl etmir” dedikdə başqa tələbləri nəzərdə tutur;


Bu məqam diqqəti baş verənlərin arxasındakı detallara yönəldir və sual yaradır: AŞPA Azərbaycandan əslində nə istəyir?

- Azərbaycanın milli-mənəvi dəyərlərinə kökündən zidd olan LGBT+ (lezbiyan, gey, biseksual, transseksual) hüquqlarının qorunması, eynicinsli nikahlara icazənin verilməsi.

AŞPA-nın Azərbaycandan əsas istəyi bundan ibarətdir. Bu tələb xüsusilə 2018-ci ildən etibarən açıq şəkildə dilə gətirilir. Altı il öncə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks iddia etdi ki, “Azərbaycanda LGBT icmasına qarşı ayrı-seçkilik edilir və bu, insan haqlarının pozulmasıdır”. AŞPA-nın 2019-ci ildə yayımlanan “Azərbaycanın öhdəliklərini yerinə yetirməsi” adlı hesabatında da LGBT üzvlərinin “ovu” haqda iddialar yer alırdı. Azərbaycanda LGBT+ hüquqlarının qorunması məsələsinin xüsusilə 2018-ci ildən etibarən açıq tələb kimi qoyulması təsadüfi deyildi, çünki 2015-ci ildə bütün dünyaya “insan haqlarının təməl prinsipi” kimi təqdim edilən eynicinsli nihaklara icazənin verilməsi prosesinin Cənubi Qafqazda da qəbul etdirilməsinə start verilmişdi.

Eynicinsli nikahların bütün dünyada leqallaşdırılması prosesi 2015-ci ilin 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsinin qərarı ilə başlandı. Qərarda deyilir: “ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz”. Həmin vaxt prezident olan Barak Obama bunu “bərabərlik mübarizəsində böyük məsafə qət edildi” deyə qiymətləndirdi. Ardınca Obama Administrasiyasında dövlət katibi olan Con Kerri “Məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz” deyə Amerikanın gələcək hədəfini elan etdi. 2015-ci il LGBT+ hüquqlarının dünyada demokratiyanın və insan haqlarının “təməl prinsipi” olaraq qəbul etdirilməsinin başlanğıcıdır. 2011-ci ildə İstanbulda qəbul edilən və LGBT+ hüquqların, eləcə də abort haqqını müdafiə edən “Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası”na qoşulan ölkələrin sayı da 2015-ci ildən sonra sürətlə artmağa başladı. Konvensiyaya 45 ölkə imza atıb, 34 ölkə bunu ratifikasiya edib. İstanbul Konvensiyası qəbul ediləndə Türkiyə bunu ilk ratifikasiya edən ölkə olsa da, 2021-ci ilin martında prezident Rəcəb Tayyip Ərdoğan konvensiyadan çıxmaq haqda fərman imzaladı. Çünki konvensiya qadın hüquqları adı altında ailə dəyərlərini hədəfə alır, LGBT+ hüquqlarını ölkələr üzərinə “öhdəlik” olaraq qoyur. Azərbaycanın konvensiyaya qoşulmamasının səbəbi də məhz milli-mənəvi dəyərlərimizin qorunmasıdır və buna görə zaman-zaman təzyiqlərə məruz qalır.

AŞPA-nın müxtəlif bəhanələrlə Azərbaycana təzyiq etməsinin arxasındakı əsas səbəblərdən biri də məhz budur. Çünki Cənubi Qafqazın üç ölkəsindən ən çox dirəniş göstərən yalnız Azərbaycandır.

Gürcüstanda 2013-cü ilə qədər eynicinsli nikahlara qarşı kilsə və dövlət səviyyəsində etiraz edilirdisə, 2015-ci ildən sonra ABŞ-ın LGBT hüquqları haqda çağırışından sonra müəyyən yumşalmalar başlandı. Kilsə səviyyəsində etirazlar davam etsə də, LGBT üzvlərinin yürüş etməsinə şərait yaradılır.

Ermənistanda yumşamla dövrü 2018-ci ildə qərbyönümlü kimi tanınan Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra başlandı. 2019-cu ildə transgender Lilit Martirosyanın Ermənistan parlamentində çıxışı bunun əsas nümunələrindəndir.

LGBT+ hüquqlarını Cənubi Qafqazda qəbul etdirmək istəyən Avropa Azərbaycanda dirənişlə üzləşib. Bu dirənişi qırmaq, Azərbaycanda ailə dəyərlərinin məhvinə hesablanmış planın praktiki müstəvidə icrasına nail olmaq üçün iki istiqamətdə addım atılır.

Birincisi, Azərbaycanda LGBT+ hüquqlarının qorunmadığını “insan haqlarının pozulması” olaraq göstərir, Avropa strukturlarının hesabatlarına daxil edir və təzyiqlə rəsmi Bakının geri addım atmasına nail olmağa çalışırlar: AŞPA-da başlanan kampaniyanın hədəflərindən biri də budur;

İkincisi, LGBT+ hüquqlarını – ailə dəyərlərinin məhvini feminizm çətiri altında ictimai rəyə yeridirlər: prosesin bu formada həyata keçirilməsinə 5 il öncə start verildiyini deyə bilərik;


2019-cu ildə Azəbaycanda feminizm hərəkatı aktivləşməyə başladı və hakimiyyətə qarşı “siyasi müqavimət”in ön planına keçdi. Və belə görünürdü ki, ənənəvi siyasi müxalifətin yerini feministlər alır, lakin onların aksiyalar da daxil olmaqla fəaliyyətlərinin əsas missiyası LGBT+ hüquqlarının qorunmasına həsr edilir. Bununla yanaşı, özlərinə “siyasi fəal” deyənlər və Avropadan qrant alanlar LGBT bayraqlarının qaldırıldığı feminist aksiyalarında boy göstərməyə başladı. Bütün bunlar təsadüfi yox, planın tərkib hissəsidir. Hadisələrin inkişafı göstərir ki, Avropa Azərbaycanda LGBT+ hüquqlarını, eynicinsli nikahların legitimləşdirilməsini feminizm çətiri altında tətbiq etməyə çalışır.
Niyə feminizm? - prosesdə əsas detal məhz burada gizlədilib.

LGBT+ lezbiyan, gey, biseksual, transseksual və yeni “kəşf edilmiş” cinsləri nəzərdə tutsa da, Azərbaycan cəmiyyətində bu ad əsasən cinsi azlıq olan kişiləri – homoseksualları göz önünə gətirir. Və cəmiyyətin homoseksual kişilərə qarşı aqressiyası lezbiyan qadınlara aqressiyası ilə müqayisədə daha çoxdur. Cəmiyyət lezbiyan olan bir qadını ən pis halda təcrid edir, amma homoseksual olan kişiyə münasibət daha sərtdir. Avropa Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycanda bu “incə məqam”dan istifadə edir, LGBT+ hüquqlarını ictimai rəydə qəbul etdirmək üçün üçün mənəvi dəyərlərimizdə qadına olan hörmətdən yararlanır. Feministlərin dəstəklənməsi və bu dəstək qarşılığında onların üzərində LGBT+ hüquqlarının müdafiə edilməsi missiyasının qoyulması bundan qaynaqlanır. Bu faktdır ki, feministlərin aktivləşməsindən sonra cəmiyyətdə LGBT+ hüquqlarının gündəmə gəlməsi intensivləşib. Dərnəklər yaradır, etiraz aksiyaları keçirir, hüquqlarının qəbul edilməsini tələb edirlər. Və hüquqlarının pozulduğunu “ispatlamaq” üçün bir çox hallarda asayiş keşikçiləri ilə məqsədli şəkildə qarşıdurmaya gedirlər. Daha sonra Avropa strukturları bunu əsas götürərək, Azərbaycanda “LGBT üzvlərinə qarşı təzyiq edildiyini və bunun insan haqlarına qarşı olduğu” haqda bəyanatlar qəbul edir.

AŞPA-nın LGBT şəxslərinin hüquqları üzrə baş məruzəçisi Kristof Lakruanın 2023-cü ilin may ayında “Azərbaycanda LGBT üzvlərinin saxlanılmasından narahat olduqları” haqda bəyanatı belə nümunələrdəndir.

Azərbaycan eynicinli nikahlara, LGBT-nin legitimləşdirilməsinə qarşı çıxdığı üçün Avropada getdikcə yüksələn təzyiq dalğası ilə üzləşib. AŞPA-nın ölkəmizə qarşı son addımları da bundan qaynaqlanır və əsas hədəf rəsmi Bakının İstanbul Konvensiyasına qoşulmasına nail olmaq, təşkilatın 2022-ci ildə qəbul etdiyi “Cənubi Qafqazda LGBT şəxslərin hüquqlarına dair qətnaməsi”ni icra etmək, Azərbaycanın milli-mənəvi dəyərlərini məhv etməkdir. Hücumların indi aktivləşdirilməsinin səbəblərindən biri də AŞPA-nın 2020-ci ildə qəbul etdiyi və 2025-ci ilə qədər tətbiq etməyi planlaşdırdığı “LGBT bərabərlik strategiyası”nı həyata keçirmək siyasətindən qaynaqlanır.

Göründüyü kimi, məsələ “insan haqları”, “demokratik dəyərlər” yox, bu adlar altında ailə institutunun dağıdılması, mənəvi dəyərlərin deqredasiyaya uğradılmasıdır. AŞPA-nı narahat edən də məzh rəsmi Bakının bu plana qarşı müqavimət göstərməsidir.

Asif Nərimanlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur