Azərbaycanın şimal-qərb bölgəsinə daxil olan rayonlarda iyunun 26-da səhər saatlarından etibarən hava şəraiti yenidən kəskin dəyişib.
QÜTB.AZ xəbər verir ki, bölgənin əksər ərazilərində leysan yağışları müşahidə edilib. Lakin Qəbələ rayon ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları bir sıra fəsadlar törədib. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələdən keçən hissəsində küləyin təsirindən irigövdəli ağaclar yola aşıb. Bu səbəbdən bir müddət avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Qəbələ Rayon Fövqəladə Hallar Komissiyasından (FHK) bildirilib ki, küləyin yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə əraziyə canlı qüvvə və texnikalar cəlb edilib, qısa müddətdə hərəkət bərpa olunub. Leysan yağışları nəticəsində şəhərin sel suları basan küçələrinin təmizlənməsinə başlanılıb. Küləyin təsirindən aşan elektrik dirəkləri, qırılan naqillər bərpa olunur, elektrik enerjisinin verilməsi istiqamətində işlər həyata keçirilir.