Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.
DİM-dən Publika.az-a bildirilib ki, imtahan vermək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil edilir. İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.