MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulmasının üzərindən aylar keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də məsuliyyəti tam etiraf etməyib və kompensasiya ilə bağlı konkret addım atmayıb. Rəsmi Bakı isə açıq şəkildə bildirir ki, günahkarların cəzalandırılmalı və təzminat ödənilməlidir.
Hüquqi baxımdan Azərbaycanın əlində kifayət qədər əsaslar mövcuddur, beynəlxalq mülki aviasiya qaydaları bu cür hallarda zərərçəkən tərəfə iddia qaldırmaq imkanı verir. Ekspertlər qeyd edirlər ki, prosesin uzadılması siyasi xarakter daşıyır və Moskvanın məsuliyyətdən yayınmaq cəhdinə bənzəyir. Buna baxmayaraq, Azərbaycan hüquqi və diplomatik vasitələrlə təzminatın təmin olunmasında israrlı olacaq.
Məsələ barədə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı “Fox News” telekanalına müsahibəsində Prezident İlham Əliyev də bu barədə danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Qutb.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, Azərbaycan haqqını tələb edəcək:
“Azərbaycan Prezidenti ABŞ-nin "Fox news" telekanalına müsahibəsi zamanı Rusiya-Azərbaycan münasibətlərini şərh etdi. Və yaranmış hazırki vəziyyəti Azərbaycana aid mülki aviasiya təyyarəsinin Rusiya hava məkanında vurulması ilə izah etdi. Bu tamamilə haqlı mövqedir. Heç bir təhdid yaratmayan, əvvəlcədən razılaşdırılmış daimi hava uçuş reysləri həyata keçirən hava gəmisinin xüsusi hərbi vasitələrlə vurulması, heç şübhəsiz ki, cinayətdir, məqsədyönlüdür və xüsusi siyasi qərar olmadan belə bir addımın atılması mümkün deyil. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti "Fox news"a müsahibəsində dedi ki, biz təyyarənin qəsdən vurulduğunu demirik. Amma bütün hallarda təyyarənin vurulması faktdır. Bundan sonra onun yanlış yönləndirilməsi, izi itirməyə hesablanmış planların qurulması sonradan məqsədyönlü şəkildə vəziyyətin idarə olunmasıdır. Belə olan halda azərbaycan, əlbəttə, öz haqqını tələb edəcək. Nəticə etibarilə, bu dövlətin etibarsızlaşdırılması olardı. Çünki təyyarədə ən azı 4 ölkənin vətəndaşı vardı. Ona görə də Rusiya bunu nəzərə almalıdır”.
Deputat Azərbaycanın hüquqi addımlar atması ilə bağlı bunları deyib:
“Beynəlxalq Mülki Aviasiya haqqında qanuna əsasən hadisə ilə bağlı sübutların dəqiqləşdirilməsi, qara qutunun açılması və sonda ekspertlər tərəfindən yekun rəyin verilməsi növbəti hüquqi iddiaların qaldırılması üçün əsaslar yaradır. Rusiya prezidentin köməkçisi səviyyəsində hadisəyə münasibət bildirərkən qeyd edib ki, sonuncu ekspert rəyini gözləyib, bundan sonra kompensasiya verib-verməməklə bağlı qərar verəcəklər. Ona görə də ekspertiza prosesi başa çatdıqdan sonra Azərbaycan yəqin ki, müxtəlif hüquqi addımlar atacaq. Təəssüf ki, yenə Beynəlxlaq Mülki Aviasiya haqqında qanuna görə proseslərin uzanması və maksimum və minimum ekspertizanın başa çatdırılması ilə bağlı konkret vaxt bəyan edilməyib. Ona görə də, bu nə qədər tez və ya sonra əldə edilərsə, bir o qədər də Azərbaycan daha tez kompensasiya almaq üçün digər hüquqi addımları ata bilər”.
H.Babaoğlu vurğulayıb ki, məhkəməyə müraciət edilmədən də Rusiya müxtəlif humanitar ata bilər, amma o, bunu istəmir:
“Məsələ burasındadır ki, ekspertiza rəyi olmadan da hər şey Rusiyaya bəllidir. Rusiya inadkarlıq edir. Bu məsələnin daha da böyüyüb, məhkəməyə təqdim olunmasına qədər Rusiyanın atacağı xoşməramlı addımlar ola bilər. Rusiya isə buna getmir. Məsələnin mahiyyəti budur. Ona görə də, hadisə istər-istəməz siyasi spekulasiya mövzusuna çevrilir və Rusiya-Azərbaycan münasibətlərinə həm ictimai rəy, həm də dövlətlərarası səviyyədə mənfi təsir göstərir. Ümid edirik ki, gec də olsa, heç olmasa bundan sonra Rusiya rəsmi şəkildə üzr istəyib, kompensasiyanın verilməsi üçün komissiya yarad bilər. Yəni bunu məhkəməsiz də etmək olar. Üstəlik bir dəfə də belə təcrübə olub. Azərbaycan ərazisində, Rusiya helikopteri hərbi məqsədlə daxil olamsına baxmayaraq, Azərbaycan sərhədçiləri tərəfindən haqlı olaraq vurulmuşdu. Azərbaycan da buna lazımi reaksiya verərək kompensasiya ödəmişdi. Rusiya da eyni adekvat addımları atmalıdır”.